Amerikalı milyarder İlon Mask İspaniyanın “El Mundo” qəzetinin versiyasına görə “İlin adamı” seçilib.
Bizim.Media xəbər verir ki, Maska həsr olunan materialda iş adamı qədim Roma siyasətçisi və sərkərdəsi Qay Yuli Sezarla müqayisə edilib.
“İlon Mask indiyədək yer üzündə yaşamış ən varlı adamdır və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sağ əlidir. O, yeni radikal təcrübəni – şirkətlərin siyasətçilərlə birlikdə dövlətləri idarə etdiyi XXI əsrin “Sezarizmini” təcəssüm etdirir”, - deyə materialda bildirilir.
Məqalə müəlliflərinin fikrincə, Sezarla müqayisə Roma sərkərdəsinin dövrünün ən varlı adamı olması ilə bağlıdır. Bundan sonra o, sadə xalqın qəlbini fəth edə və bütün Roma respublikası üzərində hakimiyyət qura bildi. Lakin İlon Mask ABŞ-dan kənarda doğulduğu və dövlət başçısı postuna namizəd hüququna malik olmadığı üçün Sezarın yolunu təkrarlaya bilməyəcək.
Buna baxmayaraq, jurnalistlər onun Donald Trampla tandemini ABŞ-ı kökündən dəyişdirəcək “iki böyük eqonun dueti” adlandırıblar. Nəşr yazır ki, “SpaceX” korporasiyasına malik olması səbəbindən İlon Maskın gücü suveren dövlət üzərində nəzarətlə müqayisə edilə bilər.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İlon Maskın onu dövlət başçısı kimi əvəz edə bilməyəcəyini bildirib. Belə ki, sahibkar Cənubi Afrika Respublikasının Pretoriya şəhərində anadan olub və ABŞ Konstitusiyası ölkədən kənarda doğulan vətəndaşların prezidentliyə namizədliyinə icazə vermir.
Bizim.Media