ABŞ-ın seçilmiş 47-ci prezidenti Donald Tramp Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnən son hadisələrlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bunu o, Florida ştatının Maralaqo şəhərində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Əsəd uşaqlara qarşı etdiklərinə görə, qəddar qəssabdır.
Ağ Evin yeni sahibi Türkiyə haqqında da söz açıb:
"Türkiyə çox ağıllı dövlətdir. Ölkə prezidenti Ərdoğan da çox ağıllı və güclü insandır".
Tramp bir jurnalistin “Suriyadakı 900 Amerika əsgəri ilə nə edəcəksiniz?” sualını da cavablandırıb:
“Bunu həll etməyin başqa yolu olmalıdır. Bir həll yolu Türkiyədir. ABŞ bölgədə Türkiyə ilə əməkdaşlıq edə bilər”.
Türkiyənin vacib bir dövlət olduğunu vurğulayan Tramp əlavə edib: “Prezident Ərdoğanla mən yaxşı anlaşıram. Böyük hərbi gücə malikdir. Və bu güc müharibələrdə tükənməyib. Çox güclü və effektli ordu yaradıb”.
Tramp bunu deməklə ABŞ-ın NATO müttəfiqi Türkiyə ilə Suriyada daha effektli ola biləcəyinə işarə vurub.
Onun fikrincə, Suriyada irəliləyən qüvvələrin arxasında Türkiyə dayanır:
"Bu, rəsmi Ankara üçün problem yaratmır".
“Suriyanın açarı Türkiyənin əlində olacaq. Siz heç kimdən bunu eşitməmisiniz, amma bu, doğrudur”, - Donald Tramp yekunlaşdırıb.
Bizim.Media