Almaniya parlamentində bu gün federal hökumətə etimad səsverməsi keçiriləcək

Almaniya parlamentində bu gün federal hökumətə etimad səsverməsi keçiriləcək

Hazırda oxunan: Almaniya parlamentində bu gün federal hökumətə etimad səsverməsi keçiriləcək

225428

Dekabrın 16-da Almaniya siyasətində bütün diqqət parlamentdə keçiriləcək etimad səsverməsinə yönələcək.

Bizim.Media xəbər verir ki, günün ikinci yarısında Bundestaqda Kansler Olaf Şoltsun rəhbərlik etdiyi federal hökumətə etimad göstərilməsinə dair məsələ səsverməyə çıxarılacaq.

Səsvermədən əvvəl Olaf Solts çıxış edəcək. Digər partiyaların parlamentdəki fraksiyalarının rəhbərlərinin də çıxışları dinlənildikdən sonra müzakirələr aparılacaq və səsvermə keçiriləcək.

Hökumətə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməlidir.
 

Əgər bu, baş verməsə, Federal Prezident Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən gec 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Hökumətdə təmsil olunan və müxalifət partiyaları daha əvvəl növbədənkənar seçkilərin fevralın 23-də keçirilməsi barədə razılıq əldə edib.


Xatırladaq ki, Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi.

Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyası yaranan hökumət böhranını aradan qaldırmaq üçün etimad səsverməsinin keçirilməsini qərara almışdı.

Bu, Almaniya Federativ Respublikasında sayca altıncı etimad səsverməsi olacaq. Bundan əvvəl 1972-ci ilin sentyabrında, 1982-ci ilin fevralında və dekabrında, 2001-ci ilin noyabrında və 2005-ci ilin iyulunda etimad səsvermələri keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO