Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi və Milad bayramında atəşkəs təklifi ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Peskov bildirib ki, sosial şəbəkələrdə Zelenskinin, eləcə də onun ətrafındakıların reaksiyasına əsasən, Ukrayna tərəfi Milad bayramına qədər Rusiya ilə məhbusların mübadiləsi təkliflərini rədd edib.
Onun sözlərinə görə, Ukraynada sülhün bərqərar olması ilə bağlı məsləhətləşmələr davam edəcək, Moskva Macarıstanın baş naziri Viktor Orbanın sülh yolu ilə nizamlanmasına və əsirlərin mübadiləsi ilə bağlı humanitar məsələlərin həllinə yönəlmiş səylərini dəstəkləyir.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya məhbusların dəyişdirilməsi ilə bağlı təklifləri Macarıstanın Moskvadakı səfirliyinə təqdim edib.
"Rusiya heç vaxt sülh danışıqlarından əl çəkməyib və 2022-ci il İstanbul razılaşmaları əsasında danışıqları bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib", - Peskov deyib.
Daha əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, Macarıstan tərəfinin təşəbbüsü ilə Putinlə Orban arasında telefon danışığı baş tutub. Liderlər Suriyada baş verən son hadisələr kontekstində Yaxın Şərqdəki vəziyyəti, Ukrayna məsələlərini, o cümlədən ticarət-iqtisadi əməkdaşlığı, xüsusilə də qarşılıqlı faydalı enerji layihələrinin təşviqini müzakirə ediblər.
Orban "sülh missiyasını" davam etdirmək niyyətində olduğunu da açıqlayıb.
Bizim.Media