Rusiyada nüvə zərbələrinə qarşı mobil sığınacaqların istehsalına başlanılıb. Nüvə müharibəsi ehtimalı ilə hazırlanan bu sığınacaqların istehsalı ilk dəfə olaraq kütləvi hal alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, “Kub-M” adlı sığınacaqlar Nijeqorod (Nijni Novqorod) vilayətinin Dzerjinsk şəhərində istehsal olunur. Bu sığınacaqlar nüvə partlayışının işıq şüalanmasından və ərazinin radioaktiv çirklənməsindən qorunma təmin edir.
Standart sığınacağa iki modul daxildir: 54 nəfərlik otaq və texniki blok. Sığınacağın tutumu əlavə modulların quraşdırılması ilə artırıla bilər. Bildirilib ki, digər mülki müdafiə strukturlarından fərqli olaraq, “Kub-M” mobilliyi ilə səciyyələnir. Sığınacaq avtomobil və ya dəmir yolu ilə daşınır və kommunal şəbəkələrə qoşula bilər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün ölkənin yenilənmiş nüvə doktrinasını təsdiq edib.
Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov qeyd edib ki, doktrinanın yenilənməsi Qərblə kəskin böhran şəraitində “nüvə variantı” təmin edəcək.
Qeyd edək ki, Prezident Vladimir Putinin 2020-ci il sərəncamında qeyd olunan mövcud nüvə doktrinasında deyilir ki, Rusiya dövlətin mövcudluğunu təhdid edən düşmən nüvə və ya ənənəvi hücumu zamanı nüvə silahından istifadə edə bilər.
Bizim.Media