BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, konfransda Fransa və Niderland müstəmləkələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası, Korsika, Mayot, Boner, Sen-Martin, eləcə də Qayanadan parlamentarilər, QHT və siyasi partiya rəhbərləri, ekspertlər, hüquqşunaslar, elm xadimləri, tədqiqatçılar, həmçinin İsveçrə, Rusiya və Qazaxıstanlı diplomatlar iştirak ediblər.
Eyni zamanda məşhur siyasi fəal və “Urgencies Panafricanist” təşkilatının prezidenti Kemi Seba tədbirə qatılıb.
Konfrans iştirakçıları Fransa və Niderland müstəmləkəçiliyinin nəticələri olan ərazilərdəki cari vəziyyət, habelə insan hüquqlarının kobud pozuntuları haqqında ətraflı məlumat verib və BTQ-nin müstəmləkə zorakılığı altında boğulan xalqların səsini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
BTQ-nin İcraçı direktoru Abbas Abbasov Fransanın müxtəlif növ təziqlərinə baxmayaraq, rəhbərlik etdiyi təşkilatın əsarət altında olan xalqların səsi olmaqda davam edəcəyini və BTQ-nin nüfuzlu beynəlxalq platforma kimi daha da genişlənməni hədəflədiyini bildirib. O, Fransa tərəfini BTQ ilə əməkdaşlığa görə müstəqillik tərəfdarlarını təqib etməyi dayandırmağı tələb edib.
Məşhur Panafrikanist Kemi Seba keçən həftə Fransa təhlükəsizlik qüvvələri tərəfindən qeyri-qanuni saxlanılması və 72 saat ərzində ona verilmiş işğəncələr barədə ətraflı məlumat verib.
Konfrans iştirakçıları BMT və digər beynəlxalq təşkilatlara müstəmləkəçiliyin aradan qaldırlması istiqamətində əməli və təsirli addımlar atmağa çağırıblar.
Tədbirin sonunda iştirakçılar üzərində “Fransa müstəmləkəçiliyinə son!” yazılmış köynəklər geyinərək, Fransanın müstəmləkəçilik siyasətini pisləyən plakatlar qaldırıblar.
Bizim.Media