Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, H.Fidan bu barədə Ankarada ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, kəşfiyyat mənbələri sözügedən məlumatı təsdiqləyir.
Xatırladaq ki, FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı Fətullah Gülənin dünən öldüyü barədə məlumat yayıb.
09:35
FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı öz “X” hesabında paylaşıb.
O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib.
83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib.
Qeyd edək ki, FETÖ lideri 1999-cu ildən ABŞ-də yaşayırdı. Onun sonuncu dəfə oktyabrın 14-də Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntüləri yayılmışdı.
Xatırladaq ki, 15 iyul 2016-cı il tarixində Fətullah Gülənin rəhbərliyi altında FETÖ terror təşkilatı Türkiyədə hakimiyyət çevrilişinə cəhd edib. 300-dən çox şəxsin həyatını itirdiyi, 1491 nəfərin isə yaralandığı çevriliş cəhdi uğursuzluqla nəticələnib.
Bizim.Media