Gürcüstanda yaşayan bir qrup azərbaycanlı Şuşa şəhərində səfərdə olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər iştirakçıları Şuşa şəhərinin tarixi yerləri və abidələri ziyarət edib və Şəhər işğaldan azad edildikdən burada görülmüş bərpa və quruculuq işləri ilə tanış olublar.
Ziyarətçilərə şuşada yerləşən tarixi abidələr və yerlər haqqında ətraflı məlumatlar verilib. Soydaşlarımız son olaraq Cıdır düzünə gəliblər.
Səfər üzvlərindən olan Ramilə Babakişiyeva ziyarət haqqında təəssüratlarını bildirib. Gürcüstanın Marnauli rayonunda fəaliyyət göstərən Azərbaycan məktəblərinin birində müəllim işləyən həmsöhbətimiz gördüklərindən qürur hissi keçirdiyini dilə gətirib:
“Biz 44 günlük vətən müharibəsini media vasitəsi ilə izləyirdik. Bütün xəbərləri böyük sevinc hissi ilə qarşılayırdıq. İndi mən həmin tarixi məkandayam. Buna görə bir azərbaycanlı kimi çox qürurluyam. Bizim qəhrəman hərbçilərimizin dırmaşaraq Şuşanı azad etdiyi qayaları gözümlə gördüm. Mən bütün gördüklərimi öz şagirdlərimə fəxrlə danışacam”.
Qeyd edək ki, səfər proqramına uyğun olaraq, qonaqlar növbəti gün Xankəndi və Ağdam şəhərlərini ziyarət edəcəklər.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.