Rusiya Dövlət Duması noyabr ayında heyvanların sirk çıxışlarının qadağan edilməsini təklif edən qanun layihəsini nəzərdən keçirəcək.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının Ekologiya komitəsinin sədr müavini Vladimir Burmatov “RİA Novosti”yə deyib.
“Hesab edirik ki, problem düzgün qaldırılıb, lakin onu ardıcıl şəkildə həll etmək lazımdır. Sirklərə qarşı və heyvanların saxlanma şəraitinə dair tələblər daim artırılmalıdır” – Burmatov bildirib.
Qeyd edək ki, heyvanların hüquq müdafiəçilərinin etirazları səbəbindən dünyanın bir çox ölkəsində heyvanların sirkdə çıxışı qadağan edilib. Hüquq müdafiəçiləri hesab edirlər ki, sirkdə heyvanlara zorla müxtəlif hərəkətlərin öyrədilməsi, onların publika qarşısına çıxarılaraq əməklərinin istismarı yolverilməzdir.
Çünki heyvanların öz hüquqlarını müdafiə etmək imkanları yoxdur. Eyni zamanda onlar sirkdəki yaşam tərzlərindən ayrıldıqdan sonra əziyyət çəkirlər və çox yaşamırlar.
Bizim.Media