“Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətində əməliyyatı artıq 3-cü aydır ki, davam edir və onun yaxın gələcəkdə başa çatacağına dair heç bir işarə yoxdur. Avqustun 6-da əməliyyat başlayandan bəri Rusiyanın bir sıra əks-hücumlarına baxmayaraq, Ukrayna Kursk vilayətində min kvadrat kilometrə yaxın əraziyə nəzarəti davam etdirir. Rusiya ərazisində bu misli görünməmiş əməliyyat Kremlin hərbi maşınının məhdudiyyətlərini üzə çıxardı”.
Bizim.Media xəbər verir ki, bu fikirlər “Atlantic Council”in hesabatında yer alıb.
“Bir çoxları Rusiya ordusuna, demək olar ki, sonsuz sayda insan və texnika təchizatı olan qarşısıalınmaz bir qüvvə kimi baxmağa davam etsə də, indi getdikcə aydın olur ki, əslində Rusiya prezidenti Vladimir Putinin Ukraynanı ələ keçirmək cəhdi onun ordusunu təhlükəli həddə azaldıb. Artıq onlar Rusiyanı müdafiə etmək iqtidarında deyillər.
Ukrayna prezidenti Vladimir Zelenski əvvəlcə ümid edirdi ki, Rusiya ərazisindəki əməliyyatla Putinə təzyiq göstərə və onu Ukraynadan qoşunları “daxili cəbhəyə” köçürməyə məcbur edə bilər. İndiyə qədər bu baş verməyib. Rusiya ordusu Ukraynanın şərqində irəliləməyə davam edir.
Eyni zamanda, Putinin Ukraynanı işğal etmək və Rusiyanı müdafiə etmək arasında seçim etməlidir.
Rusiya Federasiyasının “Kursk cəbhəsi”ndə çətinlikləri Moskvanın artan insan resursları çatışmazlığının daha bir sübutu oldu. Bildirilir ki, son aylarda Rusiya orduda işə qəbul olunanlara təklif etdiyi mükafatları kəskin şəkildə artırmağa məcbur olub.
Rusiyanın “Verstka” nəşrinin araşdırmasına görə, Ukraynaya qarşı döyüşməyə razı olanların səhhəti çox vaxt çox pis olur və könüllülərin orta yaşı müharibənin əvvəlində qırx yaş idisə, indi bu əlliyə yüksəlib.
Kremlin öz ordusunun sıralarını artırmaq üçün təlaşa düşmək məcburiyyətində qaldığını göstərən digər əlamətlər arasında Rusiyanın “Admiral Kuznetsov” aviadaşıyıcı gəmisinin dənizçilərinin dəniz xidmətindən uzaqlaşdırılaraq Ukraynaya piyada kimi göndərilməsi ilə bağlı son xəbərlər daxildir. Rusiyada həmçinin müttəhimlərə hərbi müqavilələr bağlamağa və təqibdən yayınmağa imkan verən yeni qanunun qəbulu prosesi davam edir.
On minlərlə rusiyalı məhbus Ukraynaya qarşı döyüşmək üçün artıq həbsdən buraxılıb.
Bu arada ukraynalı hərbçilər avqustun əvvəlində sərhədi keçərək Kursk vilayətinə daxil olanda müəyyən ediblər ki, sərhəd zonasında Rusiya istehkamlarının əksəriyyətində gənc çağırışçılar olub və onlar tezliklə kütləvi şəkildə təslim olublar. Bu, Ukraynaya əsir mübadiləsi fondunu doldurmağa və bir sıra məhbus mübadiləsi aparmağa imkan verdi, eyni zamanda Rusiya cəmiyyətində ciddi narahatlığa səbəb oldu.
Putinin Kursk vilayətindəki vəziyyətə xarakterik olmayan təmkinli reaksiyası onu deməyə əsas verir ki, o, ordusunun çatışmazlıqlarını yaxşı bilir”, - məqalədə qeyd olunub.
Bizim.Media