Sentyabr ayının əvvəlindən Meksikada cinayətkar qruplar arasındakı toqquşmalarda 100-dən çox ölən və itkin düşən olub.
Bizim.Media “Reuters“ agentliyinə istinadən xəbər verir ki, Sinaloa ştatında 53 nəfər öldürülüb, 51 nəfər itkin düşüb.
Sinaloada iki güclü narkotik qruplaşma arasında münaqişə iyulda bu qruplardan birinin lideri İsmael "El Mayo" Zambadanın ABŞ-da həbs edilməsi ilə başlayıb.
74 yaşlı Zambada bildirib ki, “Los Çapitos” qruplaşması onu oğurlayaraq sonradan təyyarə ilə ABŞ-a göndərib.
Bu da sentyabrın 9-dan iki qruplaşma arasında qanlı toqquşmaların başlamasına səbəb olub. Nəticədə ştatda bir çox məktəblər bağlanıb, restoran və mağazalar gün ərzində qısa rejimdə çalışır.
Zorakılığı aradan qaldırmağa çalışan Meksika hüquq-mühafizə orqanları “Los Çapitos” qruplaşmasının liderinin mühafizə xidmətinin rəisini olduğu ehtimal olunan şəxsi və hazırda həbsdə olan “Sinaloa”nın keçmiş rəhbərinin oğlunu həbs ediblər.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador bəyan edib ki, ABŞ Sinaloa ştatında zorakılıq dalğasına görə qismən məsuliyyət daşıyır.
Bizim.Media