“Gürcüstanda keçiriləcək parlament seçkisi dövründə ölkənin daxili işlərinə xarici müdaxilə faktları var. Hökumət bütün işlərdən xəbərdardır”.
Bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, Gürcüstanın müxalif siyasi partiyalarının Danimarka hökuməti tərəfindən maliyyələşdirilməsi barədə faktlar var.
Gürcüstan hakimiyyəti bunu seçkiqabağı müdaxilə kimi qiymətləndirib, bundan sonra maliyyələşmə dayandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan üçün QORXUNC XƏBƏRDARLIQ – Qonşu ölkəni “oktyabr inqilabı” GÖZLƏYİR?
“Bizim öz kəşfiyyat materiallarımız var. Lazımi yerlərdə danışırıq. Danimarkanın maliyyə yardımı haqqında danışdıq və onu dayandırdıq. İndi biz videoçarxların maliyyələşdirilməsi kampaniyası haqqında danışırıq. Onların müəllifləri öz maliyyə mənbələrini gizlədir. Buna baxmayaraq biz bu məsələdə də müsbət nəticə əldə edəcəyik”, - deyə Papuaşvili vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Gürcüstandakı seçkilər ərəfəsində “rəngli inqilab”ın hazırlandığı ilə bağlı məlumat yayıb.
Görünən odur ki, oktyabr seçkiləri yaxınlaşdıqca Gürcüstanda siyasi vəziyyət sözün həqiqi mənasında kəskin xarakter almağa başlayacaq. Çünki bu seçkilər bir sıra ekspertlərin fikrincə, Gürcüstanın gələcək yolunun müəyyən edilməsi baxımından mühüm seçkilər olacaq.
Görəsən, mövcud vəziyyətdə Gürcüstanı nə gözləyir?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, seçki ərəfəsi Gürcüstanda müəyyən gərginliklərin yaşanması gözləniləndir. Amma bununla belə, həmsöhbətimizə görə, Gürcüstan dövləti prosesdən qalib çıxacaq:
“Xarici agentlər haqqında qanunun qəbulu fonunda Gürcüstanda müxtəlif etirazlara başladı. Mövcud vəziyyət Gürcüstan cəmiyyətində qütbləşməni daha da dərinləşdirib. Təbii ki, Gürcüstan kimi dövlətdə QHT sektoru və partiyaların xaricdən maliyyələşməsi bilinən haldır. Hətta Saakaşvili dövründə Prezident və hökumət maaşları belə ABŞ tərəfindən verilirdi. Bu isə əslində dövlətin suverenlik prinsipinə uyğun addım deyildi.
Ona görə də hazırkı Gürcüstan hakimiyyəti tədbir görür ki, hər şey ölkə daxilində həll olunsun. Çünki hansısa bir xarici müdaxilənin həm də müəyyən məqsədləri olur. Bu məqsədlər də əslində gələcəkdə həmin ölkənin inkişafına, oradakı münasibətlərin müəyyən dərəcədə pozulmamasına dəstək verməlidir. Lakin bunun əksini görürük”.
Deputat deyir ki, Qərbin bu addımları həmin ölkələrin Gürcüstanda nüfuz agentlərinin yaradılmasına xidmət edir:
“Hansı ki, bu da dövlətin müstəqillik və suverenlik prinsiplərinə ziddir. Ona görə də Gürcüstan hökuməti tutduğu mövqeyində haqlıdır. Hər hansı bir siyasi partiya və QHT xaricdən maliyyələşməməlidir. Qrantlar haqqında qanun var. O, hansısa bir şəkildə siyasi məqsəd güdürsə, qarşısı alınmalıdır. Gürcüstan hökuməti məhz ölkənin suverenliyi üçün təhlükə yarandığından bu addımları atır. Seçki ərəfəsi sözsüz ki, Gürcüstanda müəyyən gərginliklər yaşana bilər. Amma düşünürəm ki, bütün hallarda Gürcüstan dövləti və xalqı prosesdən uğurla çıxaraq özünün suveren və müstəqil siyasətini davam etdirəcək”.
Rüfət Sultan, Bizim.Media