Türkiyənin Çanaqqala şəhərinin Əzinə rayonunun Pınarbaşı kəndində itkin düşən 12 yaşlı azərbaycanlı Rəsul Quliyev axtarış qrupları tərəfindən 7 kilometr aralıda ağacın üstündə yatarkən tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.
Hadisə 9 sentyabr saat 16:00 radələrində baş verib. Azyaşlı səhər saatlarında ailəsi ilə birlikdə məktəbə gedib. Məktəbdən qayıdarkən çantasını cıran 12 yaşlı Rəsul vəziyyəti anasına danışıb. Ana Yaqut Əsgərova Rəsula xəbərdarlıq edib. Bundan sonra qorxan uşaq evi tərk edib.
Axşam saatlarında övladlarının evə qayıtmadığını görən ailə “112” Təcili Xidmət Xəttinə məlumat verib. Hadisə yerinə cəlb edilən qruplar kənd və ətrafında genişmiqyaslı axtarışlara başlayıb. Kənddəki təhlükəsizlik kameraları bir-bir yoxlanılıb. Rəsul sonuncu dəfə kəndin çıxışında təhlükəsizlik kamerasına düşüb.
Görüntülərə əsasən qruplar uşağı Bozcaalan adlanan ərazidə ağacın üstündə yatarkən tapıblar.
Rəsul sağlamlıq qrupları tərəfindən müayinə olunmaq üçün xəstəxanaya göndərilib.
Bizim.Media