Türkiyəli ekspert: Azərbaycan əsas oyunçu və BRICS-in Qərbə “pəncərəsidir”

Türkiyəli ekspert: Azərbaycan əsas oyunçu və BRICS-in Qərbə “pəncərəsidir”

Hazırda oxunan: Türkiyəli ekspert: Azərbaycan əsas oyunçu və BRICS-in Qərbə “pəncərəsidir”

208363

BRICS nöqteyi-nəzərindən “sabitlik” sözünün ən çox aid olduğu iki ölkə var. Bu, Çin və Azərbaycandır. Əgər BRICS ölkələri Qərb dövlətləri ilə münasibətlərdə sıçrayışa nail olmağı hədəfləyirsə, bunun üçün ən düzgün platforma güclü iqtisadiyyata və dünyanın bir çox dövlətləri ilə yüksək səviyyədə münasibətlərə malik Azərbaycandır.

Bizim.Media xəbər verir ki, bu fikri Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı CGTN kanalının efirində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın BRICS-in Qərblə əlaqələrində əsas oyunçuya çevrilmək üçün bütün imkanları var və bu baxımdan Bakının rolu yalnız artacaq.

Ekspert vurğulayıb ki, müasir Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətdir. “Azərbaycan yenidən İranla dialoq quran, Rusiya Prezidenti Vladimir Putini qəbul edən xarizmatik lideri olan ölkədir”, - deyə Orallı qeyd edib.

Ekspert BRICS-ə üzv ölkələrdəki vəziyyətə diqqət çəkib. “Tehran və Moskvanın Qərblə münasibətlərinin yaxın gələcəkdə həll olunacağı ehtimalı azdır. Misir və BƏƏ-nin daxili siyasətində problemlər mövcuddur, Efiopiya ilə Somali arasında fikir ayrılıqları qalmaqda davam edir. Buna görə də Azərbaycan BRICS-in Qərb dünyasına yeganə “pəncərəsidir”, - deyə Hacı Bayram Vəli Universitetinin dosenti söyləyib.

O xatırladıb ki, 2006-cı ildə BRICS-in yaradılması ideyasının əsasını Qərb hegemonluğuna əsaslanan dünya nizamına meydan oxumaq təşkil edib. “Müasir BRICS artıq doqquz dövləti birləşdirən və dünya ticarətinin 2/3-nə nəzarət edən iqtisadi modeldir. Azərbaycan BRICS dövlətləri ilə bir sıraya durmağa hazır olduğunu bildirməklə, erməni işğalından azad edilmiş torpaqların bərpasından qat-qat əhəmiyyətli məqsədlər güdür. Bakı Qərb imperializminə müqavimət göstərmək və çoxqütblü dünya ideyasını dəstəkləmək əzmini nümayiş etdirir”, - deyə türkiyəli ekspert vurğulayıb.

Onun fikrincə, Azərbaycan BRICS-ə ərizə verməklə, respublikanın gələcək inkişafının iqtisadi modelinin bu təşkilatın vektorunu nəzərə alacağını açıq şəkildə bildirib.

Ankara Universitetinin dosenti Bakının BRICS-ə qoşulmaq üçün müraciətinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər ölkələr tərəfindən də analoji addımların atılması üçün nümunə və təkan olacağına əminliyini ifadə edib.

Türkiyənin BRICS-ə qoşulma ehtimalına gəlincə, ekspert qeyd edib ki, Avropa İttifaqı (Aİ) və digər Qərb ölkələri ilə sıx inteqrasiya əlaqələri və gömrük sazişləri mövcud olduğundan Ankaranın belə birliyə daxil olması daha çətin olacaq.

“Türkiyə müəyyən Aİ standartlarına riayət edir. Eyni zamanda, Türkiyə ixracatı dollar və avro ilə əməliyyatlara əsaslanır. Yenə də Almaniya Türkiyə üçün ən böyük bazarlardan biri olaraq qalır. Türkiyə ixracatçıları Qərb bazarlarına güvəndikcə, Ankaranın iqtisadi vektorunun dəyişməsi çətin görünür”, - deyə o bildirib.

Orallı BRICS-i “ciddi seçim” adlandırıb, bunun üçün “Aİ-yə bənzər, hələ mövcud olmayan güclü vahid bazarın” olması lazımdır. “Ankarada güclü bazarın olması və yeni böyük xarici sərmayələrin cəlb edilməsi imkanları barədə təsəvvür yaranmayana qədər ölkəmiz təşkilata üzvlük üçün səy göstərməyəcək. Bunu BRICS üzvləri də dərk edirlər”, - deyə Orallı hesab edib.

Eyni zamanda, o, orta müddətli perspektivdə proseslərin Ankaranın bu məsələdə mövqeyinə təsir edə biləcəyini istisna etməyib.

Azərbaycanın BRICS-ə müraciəti mövzusuna qayıdaraq ekspert qeyd edib ki, bu platforma həm də iştirakçı ölkələr arasında fikir ayrılıqlarının həll edilməsi potensialını ehtiva edir. “Məsələn, İran BRICS-in üzvüdür. Azərbaycanın qəbul olunması iki ölkənin iqtisadi yaxınlaşmasına və müəyyən mərhələdə siyasi maneələrin aradan qaldırılmasına töhfə verə bilər”, - deyə türkiyəli ekspert dövlətlərarası problemlərin həllinin yolunun iqtisadi əməkdaşlıqdan keçdiyi Aİ-ni misal çəkərək bildirib.

Orallının sözlərinə görə, XXI əsrin çağırışları əvvəlki əsrin problemlərindən ciddi şəkildə fərqlənir. “Əgər XX əsrdə dövlətlər müdafiə və hərbi sahədə güclü ittifaqlar axtarırdılarsa, bu gün iqtisadiyyata güvənirlər. XXI əsr iqtisadi inkişafın getdikcə mürəkkəbləşdiyi və dövlətlərin artıq Qərb hegemonluğunun təzyiqi problemindən xilas ola bilməyəcəyi bir dövrdür”.

Ankara Universitetinin dosenti belə bir fikir bildirib ki, əgər BRICS dövlətləri iqtisadi müstəqilliyini təmin edə bilsələr və ya təşkilatın iqtisadi platforması çərçivəsində özlərini təhlükəsiz hiss etsələr, o zaman qlobal səviyyədə yeni təhlükəsizlik arxitekturası formalaşacaq. “Həm ŞƏT, həm də BRICS Türkiyənin nəzərə almalı olduğu vacib alternativlərdir”, - deyə o, yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO