ABŞ-ın dövlət katibi Antoni Blinken Qəzza zolağı üzrə danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsə nail olmaq üçün “son şans” adlandırıb.
Bizim.Media Ynet portalına istinadla xəbər verir ki, Blinken bu fikri Qüdsdə İsrail prezidenti İsaak Hersoqla görüşdə səsləndirib.
Portalın məlumatına görə, Amerikanın dövlət katibi ötən gecə İsrailə gəlib və avqustun 19-da Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantla da görüşəcək.
Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlindəki girovların azad edilməsi məqsədilə danışıqların yeni mərhələsi başlayıb. Vasitəçilərin - Misir, Qətər və ABŞ-ın birgə bəyanatında qeyd olunub ki, danışıqlar “müsbət atmosferdə” keçib. Tərəflər növbəti görüşün bu həftənin sonunadək Qahirədə keçirilməsi barədə razılığa gəliblər.
Danışıqlara öz nümayəndələrini göndərməyən HƏMAS hərəkatı isə Doha görüşünün nəticələrindən narazı qaldığını bildirib.
Bizim.Media