İsrailin Daxili Kəşfiyyat İdarəsi Şin-Bet İran və "Hizbullah"ın qisas hücumlarına qarşı Baş nazir Benyamin Netanyahu və digər yüksəkvəzifəli şəxslər üçün Qüdsdəki yeraltı sığınacağı hazır vəziyyətə gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə "NTV.com.tr" saytı yazıb.
Məlumata görə, içində komandanlıq və idarəetmə mərkəzlərinin də yerləşdiyi sığınacaq İrandan ciddi təhlükə gələcəyi təqdirdə istifadə olunacaq.
Təxminən 20 il əvvəl inşa edilən sığınacağın İran silahlarının zərbələrinə dayanıqlı olduğu və ölkənin Müdafiə Nazirliyinin Təl-Əvivdəki qərargahına bağlı olduğu bildirilir.
Milli İdarəetmə Mərkəzi kimi də tanınan sığınacaq İsrailin Qəzzaya hücumlarının son 10 ayı ərzində heç istifadə olunmayıb. Hər hansı bir hücum təhlükəsi olarsa, sığınacaqdan Qəzza müharibəsindən sonra ilk dəfə istifadə ediləcək. 2006-cı ildə İsrail-Livan müharibəsindən sonra qurulan sığınacağın dəqiq yeri və ya neçə metr dərinlikdə olduğu məlum deyil.
Eyni zamanda qeyd edilir ki, yüzlərlə insan tutumuna malik olan sığınacaq, lazım gələrsə, mülki vətəndaşların müdafiəsi üçün də istifadə oluna bilər.
Xatırladaq ki, İran, onun Livandakı müttəfiqi "Hizbullah" və HƏMAS keçən həftə Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailin məsuliyyət daşıdığı fikrindədir.
Bizim.Media