Nəhayət ki, Ukrayna dilə gəldi və sülh istədi.
Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə deyib ki, Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır:
“Ukrayna Rusiya tərəfi ilə dialoq və danışıqlar aparmağa hazırdır. Əlbəttə, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional olmalı və praktiki əhəmiyyət kəsb etməlidir”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin rəsmi Moskva ilə danışıqlara hazır olduğunu deyib. Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır.
Bu da o deməkdir ki, Ukrayna prezidenti münaqişənin tez bir zamanda dayandırılmasının vacibliyini axır ki, anlayıb. O. iyulun 21-də BBC yayım korporasiyasına müsahibəsində Ukraynada bu cür danışıqları qadağan edən fərmana baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyündən danışıb. Ukrayna prezidenti həmçinin bildirib ki, “heç kim 10 il və ya uzun illər davam edəcək silahlı münaqişəyə razı olmayacaq”.
Son 1 ayda nə dəyişdi?
Halbuki, bundan bir ay əvvəl Volodimir Zelenskinin təşəbbüsü ilə İsveçrənin Bürgenstok şəhərində “Ukrayna üzrə sülh konfransı” keçirilmişdi. Bu konfransla bağlı Zelenski xeyli müddət əvvəl bütün dünya dövlətlərinə müraciət etmişdi. Müraciət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var. Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı.
Lakin İsveçrədə baş tutan görüşdə 80-dən bir az artıq ölkənin təmsilçiləri iştirak etmişdi.
Maraqlıdır ki, sammitə qatılmayan ölkələr arasında Çin, Braziliya, Səudiyyə Ərəbistanı və digər böyük dövlətlər vardı. Bundan əlavə, iştirakçı ölkələrin bir çoxu samittə ikinci heyətlə qatıldı. Məsələn, ABŞ prezidenti Co Baydeni bu sammitdə vitse-prezident Kamala Harris və Amerika liderinin müşaviri Ceyk Sallivan təmsil etdi.
Ümumilikdə isə sammit maraqsız keçdi. Çünki sammitin adı sülh olsa da, bu tədbirdə müharibədəki qarşı tərəf iştirak etmirdi. Ona görə də bir sıra dövlət liderləri tədbirə qatılmaq istəmədi. Bu azmış kimi Ukrayna münaqişəsi ilə bağlı Braziliya və Çin alternativ sülh konfransının keçirilməsini təklif etdi. Onlar belə hesab etdilər ki, Moskvasız keçirilən istənilən diplomatik forum sülh gətirməyəcək.
Braziliya və Çinin dediyi oldu.
Nəzərə alaq ki, Ukrayna Prezidenti hər zaman sülhdən danışsa da, heç vaxt bu məsələdə Rusiyanı qarşı tərəf kimi görməyib. Əvəzində isə sülh çağırışları ilə Rusiyaya qarşı daha böyük koalisiya yaratmağa çalışıb. Əslində isə Zelenski bütün çağırışlarının sonu maliyyə yardımı istəməklə yekunlaşıb. Məhz bu səbəbdən Braziliya, Çin, Səudiyyə Ərəbistanı və bir sıra ölkələr Zelenskinin son konfransına qatılmadı.
Zelenski indiyə qədər atəşkəs təkliflərindən niyə qaçırdı?
Nəzərə alaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazır olması barədə xəbər yayıldı. Amma Ukrayna Prezidenti o zaman Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiklərini açıqladı. Bunu da belə izah etdi ki, “Rusiya öz mövqelərini gücləndirmək üçün bu variantdan istifadə edir”.
Baxmayaraq ki, Zelenskinin bu fikirləri o qədər də razılıqla qarşılanmadı. Çünki ən pis sülh danışıqları və yaxud atəşkəs istənilən müharibədən yaxşıdır. Ona görə də bu cür qeyri-ciddi çıxışları ilə Zelenski həm özünün, həm də ölkəsinin imicinə çox böyük zərbə vurur.
Bəs Zelenski sülhü niyə indi istəyir?
Nəzərə alaq ki, Ukrayna-Rusiya müharibəsinin başlamasından 29 aydan artıq vaxt keçir. Bu isə kifayət qədər uzun müddətdir. Əgər müharibənin ilk aylarında münaqişənin yan təsirləri vardısa, artıq əksər ölkələr Ukraynadakı müharibədən aldıqları ziyanı sığortalayıb. Hətta qonşu dövlətlər belə öz iqtisadi-siyasətlərini yeni reallıqlar üzərində qurub. Bundan əlavə, bu müharibədə Rusiyanın uduzacağına inanmayanların sayı getdikcə artır. Ona görə də Zelenski reallıqla barışmaq zorunda qalıb.
Açıq etirazlar başlayıb...
Artıq heç kim daha əvvəlki kimi Ukraynaya yardım etmir. Əksinə, tezliklə bu problemdən qurtulmağa çalışırlar. Məsələn, Almaniya kansleri Olaf Şolts ötən gün bəyan edib ki, Almaniya Ukraynaya qoşun göndərməyəcək və Rusiya ilə müharibəyə səbəb ola biləcək hər hansı addım atmayacaq:
“Mən Ukraynaya əsgər göndərmirəm. Mən alman pilotları və alman qırıcıları ilə rus təyyarələrini və raketlərini vurmayacağam. Xeyr, bunu etməyəcəyik”.
“Rusiya və Çinin iştirakı olmadan Ukraynada sülh danışıqlarının heç bir mənası yoxdur”.
Bunu isə Çexiya prezidenti Petr Pavel bu gün “CTK” agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, Rusiya və Çinin danışıqlar masasında iştirakı olmadan hər hansı sülhə nail olmaq həqiqətən mümkün olmayacaq.
Bənzər məzmunlu bəyənatla Polşa XİN də çıxış edib. Onlar münaqişənin davam edəcəyi təqdirdə yaxın 4 ayda Polşaya 9 milyon ukraynalının gələcəyindən narahatlıqlarını ifadə ediblər.
Ən nəhayət, Ukrayna üçün ən pis xəbər okeanın o tayından gəldi.
Co Baydenin namizədlikdən geri şəkilməsindən sonra Donald Trampın prezident seçilmə ehtimalı Zelenskinin bütün ümidlərini puç elədi.
Ona görə də Zelenski öz qərarına qarşı çıxıb, sülh danışıqlarına hazır olduqlarını dilə gətirdi. Nəzərə alaq ki, Ukraynada prezidentinin müvafiq fərmanı ilə Rusiya ilə sülh istəyən, hətta bu barədə danışan şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Amma bir məsələ var ki, Rusiya sülh danışıqlarına hazır olduğunu desə də, qarşı tərəf kimi Zelenskini görmür. Putin hesab edir ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin 25 mayında başa çatıb.
Belə olan halda, sülhün necə təmin olunacağı isə qaranlıq olaraq qalır...
Surxay Atakişiyev, Bizim.Media