Demokratların yeni namizədi - Kamala Harris KİMDİR?

Demokratların yeni namizədi - Kamala Harris KİMDİR?

Hazırda oxunan: Demokratların yeni namizədi - Kamala Harris KİMDİR?

202816

ABŞ prezidenti Co Baydenin səhhətindəki problemlər Demokratları ciddi narahat etməyə başlayıb. Seçkilərin vaxtına da az qalması demokratlara yeni namizəd imkanlarını xeyli məhdudlaşdırır. Ona görə də onlar yaxına baxmaq məcburiyyətindədirlər. Demokratlar üçün ən yaxında olanlar arasında isə ideal namizəd ABŞ-ın hazırkı vitse-prezidenti – Kamala Harrisdir. Təsadüfi deyil ki, son günlər onun ABŞ-da keçiriləcək seçkilərdə Donald Trampın mümkün rəqibi olacağı daha çox söylənilir.

Kamala Harris kimdir?

Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-ın Kaliforniya ştatında mühacir ailəsində anadan olub. Atası Yamaykadan, anası Hindistandandır. Valideynləri Kamalanın beş yaşı olanda boşanıblar.

Kamala təhsil almaq üçün Vaşinqtonda “qara Harvard” kimi tanınan Hovard Universitetini seçdi və 1986-cı ildə oradan siyasi elmlər və iqtisadiyyat üzrə təhsil aldı. Daha sonra o, Kaliforniyadakı Hastings Hüquq Kollecindən JD aldı. Hələ tələbə ikən Harris siyasi fəaliyyətlə məşğul olurdu.

Harris 1994-1995-ci illərdə o, Kaliforniya Ştat Assambleyasının sədri Villi Braunla münasibətdə olub. Harrisin o zaman 30, Braunun 60 yaşı var idi. 2014-cü ildə Kamala Harris rəsmi şəkildə evlənib. Onun seçdiyi kişi Bruklin əsilli, yəhudi ailəsindən olan Duqlas Emhoff idi. Emhoff Harrislə eyni yaşdadır və Los-Ancelesdəki Venable LLP hüquq firmasında vəkil və tərəfdaşdır. Harris və Emhoffun sərvəti 5 milyon dollardan çoxdur. Harrisin övladı yoxdur.

Siyasətdə karyera

Harris Demokratlar Partiyasını təmsil edir. O, karyerasına 1990-cı ildə Oklenddəki Alameda qraflığının prokuror köməkçisi kimi başlayıb. 1998-ci ildə o, San-Fransisko Rayon Prokurorluğunda işə düzəlib. 2004-cü ildən 2011-ci ilə qədər - San Fransisko rayon prokuroru, daha sonra 2017-ci ilə qədər Kaliforniyanın Baş prokuroru vəzifəsində çalışıb.

Bundan sonra Harris ABŞ Senatına keçib. 2016-cı ildə Kaliforniyadan ilk “ağ olmayan” senator adını qazanıb. Senatda çalışarkən Kamala Harris prezident Donald Trampı hər zaman kəskin tənqid edirdi. 2019-cu ildə Harris ABŞ-ın ən liberal senatoru kimi qiymətləndirilib.
2020-ci il ABŞ prezident seçkilərində o, seçki yarışına qatılacağını açıqladı.

Namizəd kimi Co Baydenlə teledebatda iştirak etdi, sonra onun kəskin sualları Bayden üçün sürpriz oldu, hər ikisi eyni partiyanı təmsil edirdi. Harrisin namizədliyinə dəstək təxminən 3% qədər az idi. Ona görə də o mübarizədən çəkildi və tərəfdarlarını Co Baydeni dəstəkləməyə çağırdı. Nəticədə Bayden-Harris tandemi Tramp-Pens respublikaçılarına qalib gəlib. Beləliklə, Harris ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın, ilk qaradərili və Asiya əsilli siyasətçi oldu. Kamala Harris ABŞ-ın 49-cu vitse-prezidentidir.

Harris prezidentliyə namizəddirmi?

Bayden yaxın günlərdə yeni prezidentlik müddəti uğrunda yarışdan imtina edə bilər və demokratlar Harrisi ən uyğun varisi kimi görürlər. Bu gün Harrisin namizədliyi irəli sürülsəydi, amerikalıların 48%-i onu dəstəkləyəcəkdi. Lakin, respublikaçı Trampa dəstək bundan bir qədər, yəni 52% yüksəkdir.

Qeyd edək ki, avqustda Demokratlar Harrisin namizədliyini təsdiqləsə, ABŞ-da ilk qadın prezident olmaq şansı qazanacaq. Formal olaraq o, artıq özünü bu vəzifədə sınayıb. Belə ki, 19 noyabr 2021-ci ildə anesteziya altında olarkən Bayden tibbi prosedurdan keçdi və öz səlahiyyətlərini vitse-prezident Harrisə verdi. Bu, Amerika tarixində yeganə presedentdir ki, qadın prezident səlahiyyətlərini öz üzərinə götürür.

Bu il noyabrın 5-də keçirilməsi planlaşdırılan prezident seçkilərində Harris Trampla rəqabət apararaq qalib gəlsə, o, 60 yaşında ABŞ-ın ilk qadın prezidenti kimi vəzifəsinin icrasına başlayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO