HƏMAS bitməmiş Hizbullah BAŞLADI... – İsrail 2006-dakı səhvini yenidən TƏKRARLAYIR?

HƏMAS bitməmiş Hizbullah BAŞLADI... – İsrail 2006-dakı səhvini yenidən TƏKRARLAYIR?

Hazırda oxunan: HƏMAS bitməmiş Hizbullah BAŞLADI... – İsrail 2006-dakı səhvini yenidən TƏKRARLAYIR?

200720

Yaxın Şərqdə yeni müharibə alovlanır. Bu dəfə münaqişə tərəfinin biri İsrail, digər tərəfsə Livandır. HƏMAS-la sülhə nail olmadan İsrail Livana, daha dəqiq desək, Hizbullaha qarşı zərbələr endirməyə başlayır.

Son iki gündə Hizbullahın hərbi məntəqələrini hədəf alan İsrail Livana 300 raket atıb. Qarşı tərəf itkilər barədə məlumat yaymasa da, məlum olub ki, hücum zamanı Hizbullah bölməsinin komandiri Əziz Məhəmməd Nasirin öldürülüb. Hizbullah komandirinin öldürülməsinə cavab olaraq, Livan İsrailə 200-dən çox raket atıb, dron göndərib.

Beləcə, yeni bir müharibənin təməli qoyuldu

Nəzərə alaq ki, bu İsrailin Hizbullahla ilk qarşıdurması deyil. Sonuncu dəfə bu güclər arasında 2006-cı ildə qarşıdurma olmuşdu. O zaman, İsrail Hizbullah yaraqlılarının ölkəyə soxulmasına cavab olaraq Livanın cənubuna hava zərbələri endirməyə başladı. Lakin İsrail ordusunun Livanda irəliləməsi uğursuzluqla başa çatdı. Hizbullah İsrail ordusunu dayandırdı. Ona görə də İsrailin bu cəhdinin də uğurlu olacağı inandırıcı görünmür.

Bundan əlavə, son iki onillikdə Hizbullah öz hərbi imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə nail olub. Hesablamalara görə, bu gün təşkilatın ordusunun sayı təxminən 100 min nəfər, raket arsenalı isə 150 min ədəd təşkil edir. İsrailin ciddi hava hücumundan müdafiə vasitələrinə - “Dəmir Qübbə”, “Davidin Sling” və “Arrow”lara malik olmasına baxmayaraq, Təl-Əviv gündə üç minə qədər raket atacaq hücumlara tab gətirə bilməyəcək. İsrail üçün vəziyyəti çətinləşdirən digər risk faktoru Hizbullaha Suriya, İraq və Yəməndən göstəriləcək mümkün dəstəkdir.

Bəs Livan döyüşməyə hazırdırmı?

Livan xalqı birmənalı olaraq qonşu ölkə ilə ölüm və dağıntıya səbəb olacaq növbəti münaqişədə maraqlı deyil. Bir aydan bir qədər çox davam edən 2006-cı il müharibəsindən sonra ərəb dövlətləri Livanın infrastrukturunun bərpasına milyardlarla dollar və avro xərclədilər. Lakin bu dəfə belə olmaya bilər. Xüsusilə də əsas donorlardan biri olan və bir vaxtlar Livan siyasətində təsirli qüvvə olan Səudiyyə Ərəbistanı Hizbullahın başçılıq etdiyi şiələrə qeyri-məhdud manevr imkanı verən maraqlarını itirib.

Göründüyü kimi Livan müharibə istəmir. Amma Livan savaşa sürüklənir. İsrailsə müharibəyə başlamağa məhkumdur. Çünki onu təhrik edən qüvvələr və səbəblər var. Fakt budur ki, həm İsrail, həm də qarşı tərəf kimlərinsə ssenarisi və göstərişi ilə gərginliyi artırırlar.

Əslində o “kimsə” də məlumdur. Bu fövqəlgüc ABŞ-dır. Səbəbsə məlumdur. Amerikalılar zaman-zaman dünyanın müxtəlif regionlarında münaqişə törədirlər. Sonra da həmin münaqişə ətrafında uzun müddətli çirkin planlar qurub münaqişə tərəflərinin maddi-mənəvi sərvətlərini daşıyıb, okeanın o tayına aparırlar.

ABŞ Rusiya-Ukrayna münaqişəsindən geri çəkilir

Çünki bu münaqişə hesabına ABŞ bir çox istəklərinə nail oldu. İlk növbədə Rusiyanı zəiflətdi, onun fövqəlgüc olmaq imkanlarını xeyli dərəcədə azaltdı. Bu gün Rusiya artıq hansısa beynəlxalq münaqişəyə və məsələyə reaksiya vermək imkanlarından çox-çox uzaqdır.

Vaşinqtonun bu münaqişədə ikinci planı Avropa İttifaqının ABŞ-a qarşı iqtisadi müqavimətini qırmaq idi. Buna da böyük ölçüdə nail oldu. Tək bir faktı deyək ki, son 2 ildə dollarla müqayisədə avro 10-15 faiz dəyər itirib. Bundan başqa, Aİ üzvü olan bütün dövlətlər çətin iqtisadi tənəzzülə məhkum edilib.

Avropa ölkələrinin bir çoxu tarixlərinin ən ağır iqtisadi böhranını yaşayırlar. Ən əsası bu müharibə hesabına ABŞ Aİ-ni yenidən öz idarəçiliyinə qaytardı. Bundan sonra çətin ki, hansısa Avropa dövləti liderlik iddiasına düşsün və ABŞ-a əzələ göstərsin. Bax, 2 illik Ukrayna-Rusiya müharibəsində ABŞ bu qədər böyük uğura imza atıb. Bundan əlavə, NATO birbaşa ABŞ-ın nəzarətinə keçib. Bu da son illərdə amerikalıların qazandığı uğurlardan biridir.

Diqqət Yaxın Şərqə yönəlib

Yaxın Şərq hər zaman dünyanın ən həssas bölgəsi olub. Bu bölgə bir növ ipi çəkilmiş bombaya bənzəyir. Sanki hansısa anda partlayacaq. Amma ABŞ istəmədikcə Yaxın Şərqdə böyük müharibə ola bilməz. Görünənsə odur ki, Vaşinqton bu bölgədə böyük müharibənin başlamasına “ok” verib.

Hazırda İsraillə Livanın məqsədi bir-biri ilə vuruşmaq deyil. Məqsəd odur ki, iki ölkə arasında olan bir çox dövlətlər süni şəkildə yaradılan münaqişələrə cəlb edilsin. Bu ölkələr sırasına 10-a qədər ərəb dövləti və Türkiyə daxildir.

Çünki Türkiyə kimi BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələr son dönəmdə iqdisadi cəhətdən xeyli gücləniblər. Artan iqtisadi gücsə, ən azından regional güc formalaşdırır. ABŞ da məhz bu regional gücləri sıradan çıxarmaq üçün Yaxın Şərqdə böyük müharibə başlatmaq istəyir.Ona görə də Fələstindən sonra İsrail Livana hücum edir.

Beləcə, çox böyük iqtisadi imkanlara və zəngin karbohidrogen ehtiyatlara sahib ölkələr bir-bir amansız müharibənin ortasına düşürülür. Bundan sonra da həmin ölkələri müharibə cəhənnəmindən qurtarmaq üçün ABŞ öz şərtlərini irəli sürəcək. Bu şərtlərlə razılaşan ölkələr tədricən oyundan çıxarılacaq. ABŞ-a əzələ göstərmək istəyən ölkələr isə müharibə əzabları ilə baş-başa qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO