Azərbaycanda keçirilən beynəlxalq humanitar minatəmizləmə konfransı vahid qlobal tərəfdaşlığa çağırışdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Euronews” telekanalının saytında yerləşdirilən məqalədə bildirilir.
Məlum olduğu kimi, mayın sonunda dünyada minalarla ən çox çirklənmiş 5 ölkədən biri olan Azərbaycanda ANAMA və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib.
Konfransda 75 ölkədən 300-dən çox nümayəndə humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələr aparılıb.
Məqalədə qeyd edilir ki, xüsusilə silahlı münaqişə vəziyyətlərində minalar və əldəqayırma partlayıcı qurğular insan həyatı üçün təhlükə olmaqda davam edir. Dünyanın 60-dan çox ölkəsində 110 milyon mina ola biləcəyi təxmin edilir və hər il daha 2-5 milyon mina basdırılır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"a müsahibəsində deyib: “Azərbaycan bütün dünyada humanitar minatəmizləmə və minalarla mübarizə laboratoriyasıdır. Ölkə xüsusi bilik və təcrübə qazanıb, minatəmizləmə başa çatdıqdan sonra Azərbaycanın dünyada bu cür humanitar layihələrə töhfə vermək imkanı olacaq”.
Yazıda vurğulanır ki, quru minaların iki əsas kateqoriyası var: piyada əleyhinə minalar (ALM) və tank əleyhinə minalar (ATM). Piyada əleyhinə minalar daha kiçikdir, insanları öldürmək və ya yaralamaq üçün nəzərdə tutulub. Onlar daha az, 5-15 kiloqrama qədər təzyiq nəticəsində partlayır. Tank əleyhinə minalar tanklar və zirehli maşınlar kimi nəqliyyat vasitələrini məhv etmək üçün nəzərdə tutulub və partlaması üçün adətən 100 kiloqramdan çox təzyiq tələb olunur.
“Minalar həqiqətən insanlığa qarşı cinayətdir. Okeanda plastik torbanız varsa, 200 ildən sonra yox olacaq. Minalar isə ətraf mühiti çirkləndirməkdə davam edir”, - BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo bildirib.
“Sülhün kökləri” (“Roots of peace”) təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Haydi Kyun "Euronews"a müsahibəsində qeyd edib ki, hər saat bu partlayıcı qurğulardan orta hesabla bir nəfər ölür və ya yaralanır ki, bunların arasında uşaqlar çoxluq təşkil edir:
"Mən dünyanın mina sahələrini gəzmişəm, hər dəfə oraya daxil olanda qan qrupunu soruşurlar.
Bu, müəyyənedici məqamdır. Mən dörd uşaq anasıyam və addımlarımı çox ciddi atıram. Bunu etməyə bilərəm ki? Mina partlatmaq üçün 8 funt (3.62 kq-qeyd) ağırlıq lazımdır. Bu, yeni doğulmuş körpənin orta çəkisidir. Ona görə də bir ana və nənə kimi hesab edirəm ki, bu, Qarabağın lap ürəyindən gələn və bütün dünyaya ünvanlanan qlobal fəaliyyət çağırışıdır”.
Məqalədə vurğulanır ki, Afrika minalardan ən çox əziyyət çəkən qitədir, Anqola, Mozambik və Somali vəziyyət çox kritikdir. Ən çox rast gəlinən mina xəsarəti bir və ya bir neçə əzanın itirilməsidir. ABŞ-də amputasiya nisbəti hər 22 min nəfərdən birində, Anqolada isə hər 10 min nəfərdən 30-da qeydə alınır.
“Trotilin çürüməsi torpaq və yeraltı suların çirklənməsinə səbəb olacaq. Bundan əlavə, hər bir mina partlayışından sonra karbon qazı emissiyaları da böyükdür. Belə ki, bir tank əleyhinə mina partladıqdan sonra 29 kq karbon qazı ətrafa yayılır", - Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov söyləyib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib:
“Donor ictimaiyyəti bəzi vəsaitlərin ayrılmasına, xüsusən də bundan daha çox təsirlənən ölkələrə daha çox diqqət yetirməlidir. Qlobal miqyasda bu məsələyə toxunmadan ayrı-ayrı ölkələrdə bununla məşğul olmaq mümkün olmazdı”.
“Azərbaycan 18-ci Dayanıqlı İnkişaf Məqsədi olan humanitar minatəmizləmə proqramını milli səviyyədə təqdim etməklə bu işə öz töhfəsini verib”,- o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:04 / 17.06.2024
Euronews: "Minalarla ən çox çirklənmiş 5 ölkədən biri Azərbaycandır"
Hazırda oxunan: Euronews: "Minalarla ən çox çirklənmiş 5 ölkədən biri Azərbaycandır"
Hazırda oxunan: Euronews: "Minalarla ən çox çirklənmiş 5 ölkədən biri Azərbaycandır"
197795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.