Xəbər veridiyimiz kimi, bu gün III Çarlz rəsmi şəkildə Böyük Britaniyanın yeni Kralı elan olunub.
Axşam.az xəbər verir ki, o, mərasimin ardından ilk dəfə xalqa müraciət edib. Onun çıxışı təxminən 10 dəqiqə davam edib və Çarlz xalqına sədaqətlə xidmət edəcəyinə söz verib:
"Birləşmiş Krallıqda və ya dünyanın müxtəlif ölkələrində, ərazilərində yaşamağınızdan asılı olmayaraq, keçmişinizdən və inanclarınızdan asılı olmayaraq, mən həyatım boyu göstərdiyim sədaqət, hörmət və sevgi ilə sizə xidmət etməyə davam edəcəyəm. Təbii ki, yeni öhdəliklər götürəndə həyatım dəyişəcək..."
Monarx II Elizabetə minnətdarlığını bildirərək, onun həmişə ona və kral ailəsinin bütün üzvlərinə nümunə olduğunu vurğulayıb:
"Əlahəzrət Kraliça, mənim sevimli anam mənə və bütün ailəmə ilham və nümunə idi. Biz, hər bir ailə kimi, onun sevgisinə, məhəbbətinə, rəhbərliyinə və nümunəsinə görə ona dərin borcluyuq. Sevimli anama əziz mərhum atamın yanına son səfərinə yola düşərkən, sadəcə olaraq ona təşəkkür etmək istəyirəm".
III Çarlz əlavə edib ki, o, bu çətin dövr ərzində 17 ildir davam edən evliliyi boyu yanında olan həyat yoldaşı Kamilla Parker Boulzun köməyinə və dəstəyinə ümid edir.
Kral həmçinin böyük oğlu Şahzadə Uilyamın bundan sonra Uels Şahzadəsi, onun həyat yoldaşı Keyt Middltonu (red. - bundan əvvəl Kembric hersoginyası idi) isə Uels Şahzadəsi olacağını açıqlayıb. Bu məqamda xatırladaq ki, sözügedən titulu daha əvvəl Çarlzın birinci həyat yoldaşı Şahzadə Diana daşıyıb.
Kral çıxışı zamanı Susseks hersoqu və hersoginyasının da adını çəkməyi unutmayıb:
"Harri və Meqana sevgimi bildirmək istərdim, çünki onlar xaricdə həyatlarını qurmağa davam edirlər".
Qeyd edək ki, sentyabrın 8-də II Elizabet 96 yaşında vəfat edib. Kraliçanın dəfn mərasimi sentyabrın 18-də Vindzor qəsrinin ərazisindəki Kral VI Georqinin xatirə kapellasında keçiriləcək. Kraliçanın 2021-ci ildə vəfat edən həyat yoldaşı Şahzadə Filipin qalıqları daha sonra ora köçürüləcək.