Ukrayna məğlubiyyətlə barışsa, bu ölkələri böhran gözləyir... – TƏHLİL 

Ukrayna məğlubiyyətlə barışsa, bu ölkələri böhran gözləyir... – TƏHLİL 

Hazırda oxunan: Ukrayna məğlubiyyətlə barışsa, bu ölkələri böhran gözləyir... – TƏHLİL 

182552

Ukraynada qanlı döyüşlər davam edir. Proqnozlara görə, havaların isinməsi ilə birlikdə döyüşlərin miqyası bir qədər də genişlənəcək. Beynəlxalq siyasi və hərbi ekspertlər bildirirlər ki, bu yaz Ukrayna ordusunu yaxşı heç nə gözləmir. Çünki, orduya güclü səfərbərlik lazımdır.

Amma fərarilərin artması səbəbindən səfərbərlik lazımi səviyyədə aparılmır.

Maraqlıdır ki, Ukrayna ordusundakı fərariliklə bağlı Qərb mətbuatı inadla susur. Bununla belə etiraf edilir ki, son iki ildə Ukraynadan Avropa dövlətlərinə milyonlarla qaçqın gedib. Təbii ki, milyonlarla qaçqının hamısı heç də qadın, uşaq və qocalar deyil. Qaçqınlar arasında kifayət sayda hərbiyə yararlı kişilər var.

Bundan əlavə Ukraynanın Şərqindən 10 milyona yaxın insan köç edib. Köç edənlərin də xeyli hissəsi kişilərdir. Ona görə də Qərb Ukraynaya canlı qüvvə dəstəyi də göstərir. Bunlar isə əsasən, muzdlu əsgərlərdir. Onlarsa Ukraynanın qələbəsindən daha çox müharibənin uzanmasını istəyirlər. Ən əsası da sağ qalmağa, daha çox pul qazanmağa çalışırlar.

Qərbin Ukraynaya hərbi yardımı da tükənir.

Məsələn, Avropa İttifaqının ali hərbi komissarı Cozep Borrel iki gün əvvəl etiraf edib ki, təkcə hərbi sursat ehtiyatı yox, həm də hərbi istehsal tükənib.

Bu da o deməkdir ki, bu gedişlə yaxın zamanlarda Ukrayna ordusunda hərbi sursat qıtlığı yaranacaq. Hələ onu demirik ki, Qərbin Ukraynaya maliyyə yardımı da aybaay azalır.

Məsələnin siyasi fonunu tündləşdirən digər bir məsələ isə Aİ və Avropa Şurasında bu yay gözlənilən seçkilərdir. Son 5 ildə solçular Avropadakı seçkilərdə heç bir uğurla yadda qalmadılar. Əksinə, pandemiya, Ukrayna müharibəsi və ən əsası da Rusiyaya tətbiq edilən sanksiyaların yan təsirləri “Avropa ailəsi”nin əsaslarını sarsıdıb. Bu gün bir sıra Avropa dövlətləri son 50 ilin ən ağır iqtisadi dövrünü yaşayırlar.

Ona görə də yaz aylarında Qərbin Ukraynaya dəstəyi əsaslı şəkildə azalacaq. Bu da cəbhədəki vəziyyətə birbaşa təsir edən faktordur.

Bəs, Ukraynanın məğlubiyyəti hansı Avropa dövlətlərini çökdürə bilər?

İndiki halda konkret ad çəkmək çətindir. Çünki bu daha çox müharibənin necə yekunlaşacağından asılıdır. Ola bilsin ki, hansısa sülh sazişi imzalansın. Bu vəziyyətdə Avropa dövlətlərinin itkiləri bir qədər az olacaq. Amma Ukraynanın hərbi kapitulyasiyası baş tutsa, onda bəzi Avropa dövlətlərini acı aqibət gözləyəcək.

Belə vəziyyətdə ən böyük zərbəni Avropanın Şərqindəki kiçik dövlətlər görəcək. Məsələn, Moldava, Latviya, Litva, Estoniya, Çexiya, Slovakiya və digər ölkələr iqtisadi komaya düşə bilərlər. Bura nisbətən iri dövlətləri, məsələn Polşanı, Avstriyanı və hətta Almaniyanı da əlavə etmək olar. Çünki bu dövlətlərin iqtisadiyyatları bu və ya digər şəkildə Rusiya ilə bağlıdır. Ukrayna üzərindəki zəfərsə ruslara imkan verəcək ki, qonşularla münasibətlərə yenidən baxsın.

Nəzərə alaq ki, son 2 ildə Rusiya məcburiyyət qarşısında qalaraq Asiya ölkələri ilə əlaqələri genişləndirib. Amma Avropa ölkələri ilə əlaqələr tam kəsilməyib. Hətta Ukrayna bu gün Rusiyanın iqtisadi tərəfdaşı olaraq qalır. Çünki Ukrayna həm Rusiyadan neft və qaz alır, həm də tranzit ölkədir. Rusiyanının neft və qazı Ukrayna üzərindən Avropaya ötürülür. Ona görə də Moskvanın Rusiyanın qalib gələcəyi təqdirdə bəzi ölkələri oyundankənar saxlayacağı gözləniləndir.

Bu isə Avropanın geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO