Cənubi Qafqazda müharibə: Kim lehinə, kim əleyhinədir?!

Hazırda oxunan: Cənubi Qafqazda müharibə: Kim lehinə, kim əleyhinədir?!

180879

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara paralel olaraq, ekspert ictimaiyyətində və mediada gələcək müharibə mövzusu təbliğ olunur. Müxtəlif dövlətlərin rəsmi nümayəndələri, ekspertlər və media gələcək müharibə haqqında diskurdan öz məqsədləri üçün istifadə edirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) şərhində deyilir.

“Etiraf etmək lazımdır ki, müharibənin mümkünlüyü ilə bağlı belə nəticəyə gəlmək üçün obyektiv əsaslar var:

⁃ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb;

⁃ Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları qalır;

⁃ Silahlanma yarışı gedir;

⁃ Regionda xarici qüvvələr arasında geosiyasi qarşıdurma getdikcə güclənir.

Mümkün eskalasiyanın maraqlı tərəfləri və hədəfləri

Beynəlxalq mediadakı yazıların və ekspertlərin çıxışlarının məzmun təhlilini etdikdə, məlum olur ki, gələcək müharibə barədə söhbətlərin çoxu Fransa və Rusiyadan qaynaqlanır.

Fransa özünün və Hindistan istehsalı silahlarla Ermənistanı doldurmaq, ordu idarəetmə sisteminə və dövlət aparatına sızmaq, Rusiyanın Ermənistandakı mövcudluğunu zəiflətmək üçün “Azərbaycanın gələcək hücumu” mövzusunu təbliğ edir. 

Rusiya da öz növbəsində İrəvanın Qərbə üz tutacağı təqdirdə Ermənistanın Qərbi Azərbaycana çevriləcəyini açıq şəkildə bildirir, rusiyalı ekspertlər Moskvanın qırmızı xətlərini aydın olaraq bəyan edirlər.

Bir sözlə, Fransa da, Rusiya da əmindirlər ki, müharibə qaçılmazdır və Azərbaycan hərəkətə keçəcək.

Rəsmi Bakı isə əksinə, danışıqları davam etdirmək üçün əzmkarlıqla səbr və qətiyyət nümayiş etdirir: Sankt-Peterburq və Münhendə ikitərəfli formatda baş tutan iki görüş, sərhəd komissiyalarının iclasları, xarici işlər nazirlərinin hazırkı görüşü, Qərb və Rusiya rəsmiləri ilə görüşlər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə müzakirələr. Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə erməni təxribatlarına cavab verilməyəcəyini bildirir, rəsmi Bakı araşdırmaların aparılmasını tələb edir.

Bəs Azərbaycanın cavab verməsi, özü də bu cavabın qeyri-mütənasib olması üçün nə lazımdır?!

Fevraldakı lokal atışma göstərdi ki, Ermənistan hökuməti bəzi hissələrdə sərhədi “Yerkrapa” özəl hərbi şirkətinə həvalə edib, 2021-ci ildən isə şərti sərhədin müəyyən hissələrini Rusiya FTX-yə verib. Beləliklə də, antiazərbaycan siyasəti nəticəsində Ermənistan şərti sərhədin bütün perimetri üzərində tam nəzarətə malik deyil. Bu isə eskalasiyada maraqlı olan xarici qüvvələrin müvafiq tədbirlər görməsinə və Bakını cavab verməyə təhrik etməsinə şərait yaradır.

Bununla yanaşı, həm Rusiya, həm də Fransa istər Ermənistanda, istərsə də xaricdə revanşist qüvvələrlə yaxınlıq edir. Rəsmi Paris Paşinyanla Fransa daşnaklarının başçısı Papazyan arasında görüş təşkil etməklə daha da irəli gedib. Məqsəd daşnakları Paşinyanla barışdırmaq və sonuncunu revanşist məzmuna yaxınlaşdırmaqdır.

Bütün bu hərəkətlər Azərbaycan tərəfindən qeydə alınır. Rəsmi Bakı fevral ayında açıq şəkildə göstərdi ki, itkilər olarsa, qeyri-mütənasib cavab verəcək. Yəni, eskalasiyada maraqlı olanlar insan tələfatı ilə müşayət olunan təxribat törətməlidirlər ki, Bakı cavab versin. Əgər Ermənistan əldə etdiyi silahların məhv edilməsini, yeni qurbanların və itkilərin olmasını istəmirsə, o zaman şərti sərhəddə öz silahlı dəstələri üzərində nəzarəti gücləndirməli, Ermənistan XİN rəhbərinin məzmunu üzərində işləməli, Ermənistan Ali Sovetinin 1992-ci il qərarlarını ləğv etməyə başlamalıdır. 

Paşinyan və dəstəsi başa düşməlidir ki, “şərti sərhəddə bəzi mövqelərə nəzarətin bərpasına gətirib çıxaraq uğurlu eskalasiya” yolu ilə danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək barədə Fransanın vədləri növbəti itkilərə səbəb ola bilər. Hərbi eskalasiya Azərbaycanın danışıqlardakı mövqeyini də dəyişə bilər, son üç ildə bunun şahidi olmuşuq. Paşinyan daha çox itkiyə məruz qalmamaq üçün təkcə Rusiya ilə deyil, Fransa ilə də münasibətlərdə subyektiv olmalıdır”, deyə qurum yazıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO