Məlum olduğu kimi Ukrayna prezidenti Volodimir Zelenskinin mayın 20-də səlahiyyət müddəti bitir. Ona görə də qanunauyğun şəkildə bu ilin yazında Ukraynada növbəti prezident seçkiləri keçirilməlidir.
Lakin görünən odur ki, bu il seçkilər olmayacaq.
Bu məqsədlə Zelenskinin səlahiyyət müddəti bitdikdən sonra dövlət başçısı kimi fəaliyyətinin legitimliyi üçün Konstitusiya Məhkəməsinə müraciətin mətni hazırlanıb. Bu barədə “Zerkalo nedeli” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Müharibədə 31 min ukraynalı hərbçi həlak olub” - Zelenski
Məlumata görə, müraciət məktubu Ukrayna prezidentinin ofisi tərəfindən hazırlanıb. Nəşrin məlumatına görə, Aparat Konstitusiya Məhkəməsinə seçkilərin hərbi vəziyyət şəraitində keçirilməsi və beşillik müddətdən sonra prezidentin səlahiyyətlərinin legitimliyi ilə bağlı suallar qaldırmağı planlaşdırır.
Doğrudur, məsələnin məhkəməyə verilməsinin məqsədəuyğunluğu barədə yekun qərar qəbul edilməyib. Lakin gedən proseslər və rəsmi Kiyevin susqunluğu onu göstərir ki, seçkilər ən azında 2024-cü il üçün təxirə salınacaq.
Halbuki, Zelenski 2023-cü ildə dəfələrlə bəyan etmişdi ki, prezident seçkiləri 2024-cü ilin mayında keçiriləcək. Amma sonradan fikir dəyişdi və məsələni məhkəmə səviyyəsində həlli məqbul sayıldı.
Zelenski siyasətə necə gəldi?
Nəzərə alaq ki, Zelenski siyasətdən uzaq adam olub. 2018-ci ilə qədər mədəniyyət sahəsində çalışıb, kino çəkib, aktyorluq edib. Amma birdən-birə siyasətə gəlmək qərarına gəlib. Belə ki, 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filminin Ukraynada nümayişinə qadağa qoyuldu.
Məhz bundan sonra o siyasi iddiasını ortaya qoydu. Elə həmin il Xalqın Xidmətçisi Partiyasını yaratdı. Partiyanın ilk 95 üzvü isə nümayişi qadağan olunan filmin yaradıcı və texniki heyəti oldu. O ilk müsahibələrində deyirdi ki, "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə gəlib", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istəyir.
Bundan sonra 31 dekabr 2018-ci ildə, yeni il axşamı Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynada 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söylədi.
Maraqlıdır ki, Zelenskinin siyasi iddiası bəzi dairələr tərəfindən coşqu ilə qarşılandı. Xüsusilə Qərb Zelenskinin namizədliyinə hər cür yardım göstərməyə başladı. Təsadüfi deyil ki, namizədliyini açıqlamamışdan az sonra Zelenskinin adı anketlərdə birinci yerdə idi. Bu isə məhz Qərbin siyasi texnologiyasının nəticəsi idi.
Qərbin Zelenskini dəstəkləməsi də təsadüfi deyildi.
Bunun ciddi əsasları vardı. Çünki Qərb Ukraynanı Rusiya ilə müharibəyə təşviq edirdi. Lakin, o zamankı prezident Petro Poroşenko hər vəhclə müharibədən yayınmaq istəyirdi. Hətta 2014-cü ildə Donbas, Luqansk və Krımın əldən getməsinə baxmayaraq Poroşenko Rusiya ilə münaqişədən qaçdı və sülh sazişi imzadı. Bu isə Qərbin planlarına daxil deyildi.
Baxmayaraq ki, Poroşenko da Qərbin adamı idi. Lakin o daha çox milli və dövləti maraqlardan çıxış etdiyi üçün Qərb Poroşenkonun “qələmini qırdı”. Böyük sərvətə, siyasi və idarəçilik təcrübəsinə malik Poroşenko Qərbin ssenarisi ilə bir sənətçiyə “uduzdu” və 2019-cu ildə 41 yaşlı produser-rejissor Ukraynanın prezidenti oldu.
Zelenski müharibədən qaça bilərdimi?
41 yaş prezidentlik üçün kifayət qədər gənc yaşdır. Üstəlik, siyasi və idarəetmə təcrübəsi olmayan birisi üçün çətin iqtisadi-siyasi durumda olan bir ölkəni idarə eləmək olduqca çətin idi. Lakin Zelenski nədənsə heç bir məsuliyyətdən qorxmadı. Üstəlik, Poroşenkonun ehtiyat elədiyi məsələlərin də üstünə getməyə başladı və Rusiyaya meydan oxudu.
Daha doğrusu meydan oxumaq zorunda qaldı. Çünki Zelenski hakimiyyətə Ukraynanı dirçəltmək üçün yox, Rusiya ilə uzun müddətli müharibəyə başlaması üçün gətirilmişdi. Bu yolda ona çoxlu vədlər də verildi. Guya Ukrayna NATO və Avropa İttifaqına üzv olacaq, ölkənin iqtisadiyyatını dirçəltmək üçün güclü maliyyə dəstəyi göstəriləcək. Lakin ötən 5 ildə Qərb heç bir vədinə əməl etmədi. Əvəzində Zelenskidən tələb edildi ki, Ukraynanın “ərazi bütövlüyü və suveren hüquqları”üçün Rusiya ilə müharibəyə başlasın.
Təbii ki, bu yolda ona hər cür hərbi və maliyyə yardımı göstəriləcəyi vədi də verildi. Bu cür dəstəyi görən Zelenski qəhrəman, xilaskar olmaq eşqinə düşdü. O elə zənn etdi ki, Qərbi arxasına alacağı təqdirdə Rusiyanı asanlıqla məğlub edəcək. Təbii ki, siyasətçi və analitik olmadığına görə Zelenski Rusiyanın imkanlarını və Qərbin etibarını sona qədər öyrənmədi. Nəticədə Rusiya ilə açıq müharibəyə girdi.
Əslində, Zelenskinin başqa yolu yox idi. O siyasi hakimiyyətə məhz Rusiya ilə müharibə üçün gətirilmişdi. Ona görə də Zelenski müharibədən boyun qaçıra bilməzdi.
Qəhrəmandan anti-qəhrəmana
Yada salaq ki, müharibənin başladığı ilk aylarda ABŞ və Avropada Zelenski böyük coşqu və əsl xilaskar kimi qarşılanırdı. Qərin dövlət başçıları, siyasətçiləri və deputatları Zelenskini ayaq üstə alqışlayırdı. Qərb elə bir fon yaratmışdı ki, dünyanı Rusiya bəlasından ancaq Zelenski xilas edə bilər. Hadisələrin sonrakı inkişafı göstərdi ki, Zelenski sadəcə siyasi “marionetka”dır. O nəinki, Rusiyanı məğlub etmədi, əksinə Ukrayna dövlətinin əsaslarını sarsıtdı.
Bu gün Ukrayna bir dövlət kimi məhv olmaq, dünya xəritəsindən silinmək ərəfəsindədir. Son 2 ildə Qərbdən 300 milyard dollardan artıq yardım alan Ukrayna üçün yaxşı heç nə demək olmaz. Ölkə iqtisadiyyatı defolt vəziyyətindədir. Ukraynanın 20 faizi işğal altındadır. 10 milyondan artıq insan köçkün düşüb. Ən başlıcası onminlərlə ukraynalı son iki ildə həyatını itirib. Amma Zelenski yenə populist çıxışlar edir, gözəl gələcək nağılları danışır.
“Mavr işini görməyib, mavr gedə bilməz”.
Zelenski Qərb qarşısında götürdüyü bir çox öhdəlikləri yerinə yetirib. Amma əsas missiyası hələ qarşıdadır. Ukrayna bu müharibədə maksimum dərəcədə Rusiyanı zəif salmalıdır. Bu Ukraynanın dağılması və parçalanması hesabına olsa belə.
Ona görə də Zelenski açıq seçkilərə gedə bilməz. Çünki növbəti seçkilərdə onun qalib gələcəyi heç də inandırıcı gəlmir. Məhz bunu bilən Qərb Zelenskini məcbur etdi ki, müharibəni əsas gətirərək prezidentlik müddətini bir qədər də uzatsın. Bunun ən asan hüquqi yolu isə Konstitusiya Məhkəməsidir.
Yəqin ki, Konstitusiya Məhkəməsi Zelenskinin prezidentlik müddətini ən azı müharibə sonlanana qədər uzadacaq. Bu isə o deməkdir ki, Zelenski hələ bir müddət də hakimiyyətdə qalacaq. Bu isə Ukrayna dövlətinə və xalqına yaxşı heç nə vəd etmir.
Surxay Atakişiyev, Bizim.Media