Ağ Evin bitməyən QƏRƏZİ – ABŞ senatorları ölkəmizə qarşı absurd ittihamlardan niyə ƏL ÇƏKMİR?

Hazırda oxunan: Ağ Evin bitməyən QƏRƏZİ – ABŞ senatorları ölkəmizə qarşı absurd ittihamlardan niyə ƏL ÇƏKMİR?

176075

Amerikalılar o qədər fürsətçildirlər ki, ən xırda məsələlərdən belə faydalanmaq istəyirlər. Onların yanaşmasında pis olan cəhət korporativ maraqların önə çıxması və qarşı tərəfin milli, dövlət maraqlarının nəzərə alınmamasıdır.

Onların yanlış təsəvvürünə görə, dünya təkcə ABŞ ətrafında fırlanır və bütün dövlətlərin əsas vəzifəsi amerikalıların maraqlarına uyğun hərəkət etməkdir. Bu baş verməyəndə qarşı tərəf “düşmən ölkə” elan edilir.

Amma bir məsələ var ki, amerikalılar əllərində olan informasiya resurslarından istifadə edərək qarşı tərəfi əsl səbəbə görə yox, müəyyən bəhanələrə görə hədəf alırlar.

Bu da “demokratiya dəyənəyidir”.

Yəni Ağ Evdəkilərinin dediklərini eşitməyən, müstəqil siyasət yürüdən ölkələr “anti-demokratik”, “düşmən” elan edilir.

ABŞ-ın bu qədər qabağa getməsinin tək səbəbi dünyada “super güc” olmasıdır. Bu gün ABŞ-ın iqtisadi-siyasi və hərbi gücü qarşısında rəqabət apara biləcək ikinci bir dövlət yoxdur. Vaşinqton da bu üstünlüyündən istifadə edib bütün dünyanı vahid mərkəzdən idarə etmək istəyir.

Amerikalıların bu istəyi ilə razılaşmayanlar isə çox asanlıqla qınaq obyekti olur. Bu ölkədəki QHT-lər Ağ Evin göstərişi ilə silsilə hesabatlar hazırlayır, ABŞ höküməti də sifarişlə hazırlanmış hesabatları “əsas” götürərək bu və digər ölkələrə basqı edirlər.

Azərbaycanın regional güc olmasını ABŞ qəbul edə bilmir.

44 günlük müharibədən sonra öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan növbəti hədəflərini elan etdi. Bu hədəf Cənubi Qafqazda və bütövlükdə regionda “təhlükəsiz bölgə” yaratmaq idi. Bunun üçün 44 günlük müharibədən cəmi bir ay sonra Azərbaycan “3+3” platformasını elan etdi.

Bu iqtisadi platforma olsa da həm də siyasi birlik üçün əlverişli zəmin yarada biləcək bir təşəbbüs idi. Azərbaycanın bu təklifi təbii ki, ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin xoşuna gəlmədi. Çünki Qərb keçmiş SSRİ-yə üzv olan bəzi ölkələrə Avropa İtifaqına üzv olacaqları vədini verir. Bu vəd sayəsində həmin ölkənin daxili işlərinə qarışır və hətta həmin dövlətin idarəçiliyində birbaşa iştirak edir.

Azərbaycanın təklif etdiyi platforma da əslində bu və ya digər şəkildə Aİ kimi regional birlik mahiyyəti daşıyırdı. Ona görə də Qərbin Azərbaycana davamlı təzyiqləri başladı. Bu basqıların bir hissəsi Ermənistan üzərindən edildi. Digər təzyiqlər isə Azərbaycanı sevməyən xarici və daxili qüvvələrin səfərbər edilməsi oldu.

Lakin Azərbaycandakı siyasi sabitlik və xalq-iqtidar birliyi ABŞ-ın pozucu addımlarının ölkə daxilində inkişafına imkan vermədi.

Bundan sonra ABŞ açıq şəkildə Azərbaycanın üstünə gəlməyə başladı. 

Noyabrın 15-də ABŞ konqresi Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 (IS) - 2023 “Ermənilərin müdafiəsi aktı” adlı qonarma qanun layihəsini təsdiqlədi. Sözügedən qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi növbəti 2 il üçün dayandırmağa icazə verirdi. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir.

Üstəlik, həmin günlərdə ABŞ-la Azərbaycan arasında yüksək səviyyəli təmaslar dayandırıldı. ABŞ-ın bu addımı Azərbaycan cəmiyyətində müəyyən müzakirələrə yol açsa da, dövlət siyasətimizə heç bir təsir edə bilmədi.

Bunu görən ABŞ geri addım atdı və dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng elədi. Müəyyən izahat verdi. Bir müddət ABŞ-ın təzyiqləri azaldı.

ABŞ-ın qərəzliliyi yenidən baş qaldırır

Son günlər okeanın o tayından yeni sərsəm bəyanatlar gəlməyə başlayıb. Bir neçə gün əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hakimiyyətini jurnalistlərin və müxalifətçilərin təqibini dayandırmağa çağırıb. Bildirib ki, Rəsmi Bakı COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu təqibləri dayandırmalıdır.

Ben Kardinin fikirlərinin cəfəng olduğu qədər əsassızdır. Ona görə ki, amerikalı senator yaxşı bilir ki, həbs olunun jurnalistlər peşə fəaliyyətinə görə yox, qaçaqmalçılığa görə saxlanılıblar.

Həmin jurnalistlər qaçaqmalçılıq yolu ilə külli miqdarda vəsait əldə ediblər. Bu gün Azərbaycanın müvafiq orqanları də həmin şübhəli vəsaitin mənbəyini axtarır. Bu araşdırma da təbii ki, ABŞ hökumətini ciddi təşvişə salıb. Çünki ABŞ-ın qeyri-leqal yollarla Azərbaycana göndərdiyi külli miqdarda vəsaitin təyinat istiqaməti də şübhəlidir.

Belə məqamda cənab Ben Kardindən soruşmaq istəyirik ki, doğrudan da, ABŞ bu qədər səxavətlidirsə, niyə məcburi köçünlərimizə yardım etmədi?! Niyə ermənilərin Qarabağda saldıqları mina sahələrinin təmizlənməsini texniki və maddi dəstək göstərmir?! Nə üçün 30 illlik işğal nəticəsində xarabazarlığa çevrilmiş Qarabağın yenidən qurulmasına ABŞ maddi dəstək vermir, Amma özünün Azərbaycandakı agent şəbəkəsinin fəaliyyəti üçün milyonlar xərcləyir?!

Niyə?

Əslində ABŞ-dan başqa cür davranış gözləməyə belə dəyməz. Çünki Ağ Ev sözdə müttəfiq adlandırdığı ölkələrlə bağlı belə çirkin oyunlar oynayır. Məsələn, qardaş Türkiyəyə qarşı ABŞ-ın PKK, İŞİD kimi terror təşkilatlarını dəstəkləməsi heç kimə sir deyil. Hətta, bir neçə il əvvəl ABŞ Prezidenti Donald Tramp PKK-nın Suriya qanadı olan PYD ilə əməkdaşlıq etdiklərini belə açıq şəkildə bəyan etmişdi.

Göründüyü kimi, ABŞ-ın ikili standartları ilə bağlı çoxsaylı suallara nəinki Ben Kardin, heç Co Bayden də cavab verə bilməz. Daha doğrusu cavab vermək istəməz. Çünki bu sualın obyektiv cavabı ABŞ-ın imperialist siyasətinin ifşası olardı.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO