Rusiya və Ukrayna arasında TƏYYARƏ MÜƏMMASI – Əsir mübadiləsinə kim MANE OLDU?

Hazırda oxunan: Rusiya və Ukrayna arasında TƏYYARƏ MÜƏMMASI – Əsir mübadiləsinə kim MANE OLDU?

175073

25 yanvar Ukrayna prezidenti Volodimir Zelenskinin anadan olduğu gündür. O, 1978-ci ildə Ukraynada anadan olub. Lakin Zelenski artıq ikinci ildir ki, ad gününü istədiyi kimi qeyd edə bilmir. Builki ad günü isə təkcə müharibəylə müşahidə olunmadı, həm də 65 ukraynalı hərbi əsirin təyyarə qəzasında ölməsi “sürprizi” ilə qarşılandı.

Belə ki, ötən gün Rusiyaya məxsus İl-76 təyyarəsi Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğradı. Rusiya tərəfinin məlumatına görə təyyarənin göyərtəsində 65 hərbi əsir, 3 nəzarətçi və 6 ekipaj üzvü olub. Göyərtədə olanların hamısı həlak olub.

Belqorod vilayətinin rəhbəri, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, İl-76 təyyarəsi üç "Patriot" və ya "İris-T" raketləri ilə vurulub. Qəzaya uğrayan İl-76 təyyarəsində həlak olanların cəsədləri qəza yerindən 1,5-2 kilometr radiusda tapılıb.

Tərəflər niyə susur?

Lakin qəzanın ikinci günü olmasına baxmayaraq, rəsmi Moskva qəza ilə bağlı hər hansı bir açıqlama verməyib. Ötən gün Kreml təyyarə ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlaması çox qısa olub:

“Bu, tamamilə yeni, təzə məlumatdır. İndi biz bununla məşğul olacağıq”.

Maraqlıdır ki, Ukraynanın mövqeyi Rusiyanın mövqeyindən heç nə ilə fərqlənməyib.Ukrayna prezidenti Vladimir Zelenski son 24 saat ərzində Rusiya hərbi təyyarələri ilə bağlı vəziyyətə reaksiya verməyib.

Onun müşaviri Mixail Podolyaksa bunları bildirib: “Şərhlər bir az sonra gələcək. Bütün məlumatları dəqiqləşdirmək üçün vaxt lazımdır”.

Amma ötən gün axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı İl-76-nın Belqorod vilayətində qəzaya uğramasını birbaşa qeyd etmədən, hərbi-nəqliyyat təyyarələrinin "məhv edilməsi üçün tədbirlər görməyə davam edəcəyinə" dair bir bəyanat yayımladı. Lakin bu bəyanatda məhbuslar haqqında heç nə deyilmir.

Bir-birini təkrarlayan rəsmi münasibət və sonrakı susqunluq ciddi suallar doğurur. Əvvəllər ən xırda detala görə bir-birini amansızcasına ittiham edən Rusiya və Ukrayna rəsmləri bu dəfə nədənsə çox təmkinli görünür. Heç bir ittiham və bəyanat yoxdur.

Maraqlıdır ki, Qərb də susur. Bununla belə teleqram kanallarında və sosial şəbəkələrdə müəyyən fikirlər səslənir. Məsələn, Rusiyanın hakimiyyətə yaxın teleqram kanallarında qeyd edilir ki, İl-76 Ukrayna ordusu tərəfindən vurulub. Bəzi mənbələr isə təyyarənin almanlar tərəfindən vurulduğunu iddia edir.
Marqarita Simonyana məxsus teleqram kanalında ölən 65 hərbi əsirin siyahısı da verilib. Qeyd olunub ki, təyyarə havada ikən partlayıb. Ona görə də təyyarənin qalıqları və cəsədlər 5-6 kilometr radiusa dağılıb.

Ukraynanın teleqram kanalları isə bunun tam əksini iddia edir. Onların fikrincə təyyarə yerə enəndən sonra partlayıb və partlayış yerində heç bir cəsəd izi yoxdur.

Əsir mübadiləsinə kim mane oldu?

Amma bütün hallarda bu qəza və onun nəticələri ciddi narahatlıq doğurur. Çünki təyyarə hərbi əsirləri daşıyırmış. Ötən gün Rusiya ilə Ukrayna arasında xeyli əsirin mübadiləsi gerçəkləşməliydi. Lakin kimlərsə bu mübadilənin olmasını istəmədi və ona mane oldu.

Görünür ki, Ukrayna ilə Rusiya arasında hər hansı bir təmasın olmasını istəməyən qüvvələr var. Bu təyyarə qəzası da həmin qüvvələrin göstərişi və yaxud iştirakı ilə təşkil edildi.

Bütün hallarda bu Ukrayna üçün böyük itkidir. Yəqin ki, tərəflərin susqunluqları sonlanacaq və səbəb aydınlaşacaq. O zaman nəticə nə olursa, olsun, cəza Ukraynaya kəsiləcək. Bu isə Zelenskinin 46 yaşı münasibəti ilə hazırlanmış ən pis sürpriz kimi yadda qala bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO