Kiyevdə HAKİMİYYƏT BÖHRANI – Zelenski və Ukraynanın Ali Baş Komandanı ÜZ-ÜZƏ

Kiyevdə HAKİMİYYƏT BÖHRANI – Zelenski və Ukraynanın Ali Baş Komandanı ÜZ-ÜZƏ

Hazırda oxunan: Kiyevdə HAKİMİYYƏT BÖHRANI – Zelenski və Ukraynanın Ali Baş Komandanı ÜZ-ÜZƏ

172971

Ukraynada siyasi hakimiyyətə qarşı güclü hərbi müxalifət formalaşır. Söhbət Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıdan gedir. Baxmayaraq ki, o Prezident Zelenskinin adamı hesab edilir və 27 iyul 2021-ci ildə məhz Zelenskinin sərəncamı ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib. Lakin Rusiya ilə başlayan və uğursuz şəkildə davam edən müharibə Zelenski ilə Zalujnı arasında fikir ayrılığı yaradıb.

Hazırda münasibətlər “mehriban düşmən” səviyyəsinədək geriləyib.

Təsadüfi deyil ki, Qərb mətbuatı son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir. Məsələn, “The New York Times” yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski cəbhədəki vəziyyəti “dalana dirənmiş” hesab etmir:

“Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı belə hesab etmir. O imkanların tükəndiyini düşünür”.

“Bild” nəşri Ukrayna siyasi rəhbərliyindəki mənbələrə istinadla məlumat yayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə baş komandan Valeri Zalujnı arasında ilk fikir ayrılığı Baxmut ətrafında döyüşlər zamanı baş verib:

“O zaman Zalujnı Baxmut uğrunda döyüşlərin əhəmiyyətsiz olduğunu və ruslarla bərabər onların da ciddi itkilər verdiyini söyləmişdi və geri çəkilməyi məqbul saymışdı. Lakin Zelenski onun fikirləri ilə razılaşmamışdı və döyüşləri sona qədər davam etdirməyi vacib hesab etmişdi”.

Amerikalı jurnalist, Zelenski haqqında kitabın müəllifi Saymon Şuster isə hadisələrə daha geniş işıq salıb və Zalujnını Zelenskinin əsas siyasi rəqibi kimi xarakterizə edib:

“Zelenski öz hərbi prioritetlərini müəyyənləşdirdi. Lakin onun fikirləri çox zaman Zalujnının prioritetləri ilə üst-üstə düşmürdü və tezliklə münasibətlərdə çatlar yarandı. Zalujnı hələ 2022-ci ildə Zelenskinin potensial rəqibi hesab olunurdu. Təsadüfi deyil ki, o Ukrayna lideri ilə münasibətlərini “əlverişsiz tərəfdaşlıq” adlandırır”.

Ukrayna hakimiyyətindəki fikir ayrılığında kimlər maraqlıdır?

Göründüyü kimi, Zelenski ilə Zalujnının arasında yaranan fikir ayrılığı artıq beynəlxalq platformalara çıxarılır. Bu isə o deməkdir ki, bu cür münasibətlər kimlərinsə mənafeyinə xidmət edir. Maraqlı tərəfsə bəllidir. Qərb Zelenskiyə təzyiq etmək üçün generaldan istifadə edir.

Əslində Zalujnı da Qərbə meyillənir. Amma onun üstünlüyü odur ki, cəbhə bölgəsindəki uğursuzluq üçün o Qərbi yox, Zelenskini günahlandırır. Bu da Qərbin tam istədiyi məsələdir. Yada salaq ki, ötən ilin payızında Zelenski Qərb liderlərini açıq şəkildə təhdid etdi. Onları Ukraynaya lazımı səviyyədə yardım göstərməməkdə günahlandırdı.

Bunun ardınca Qərb turnesinə çıxdı. Onun son dayanacaq yeri isə Vaşinqton oldu. Lakin son səfərində Zelenski Qərbdə, ən əsası ABŞ-da daha əvvəlki kimi hay-küylə, əsl qəhrəman kimi qarşılanmadı. Ən əsası Zelenski Ukraynaya boş vədlərlə qayıtdı. Bu da Zelenskinin nüfuzuna nə qədər zərbə vurdusa, Zalujnının reytinqini bir o qədər artırdı. Çünki general hadisələrə daha real baxır. Ən əsası Qərbin üstünə getmir.

Maraqlıdır ki, dekabrın 20-də Zalujnı Ali Radanın iclasında deputatları çox sərt şəkildə tənqid etdi. Bildirdi ki, 400-500 min əsgərin səfərbər edilməsi barədə qanun qəbul edilməsə onda o deputatları orduya çağıracaq.Təbii ki, Zelenski komandasında belə bir fiqurun olmasını ən çox istəyən Qərbdir. Ola bilsin ki, bu ilki prezident seçkilərində Qərb Zelenskinin yox, Zalujnının üstündə dayansın.

Bəs, Valeri Zalujnı kimdir?

1973-cü il təvəllüdlü Valeri Zalujnı peşəkar hərbçidir. 2017-ci ildə general-mayor hərbi rütbəsini alıb. 27 iyul 2021-ci ildə o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

2022-ci il martın 5-də, Rusiyanın Ukraynaya təcavüzünün ən qızğın vaxtında general-leytenant Zalujnı Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrinin ən yüksək rütbəsinə, general-polkovnikliyə layiq görülüb. 2022-ci ildə Zalujnı Amerikanın “Time” jurnalına görə dünyanın yüz ən nüfuzlu adamının illik siyahısına daxil edilib.Jurnal yazır ki, Şərq cəbhəsində illərlə Rusiyaya qarşı döyüşərək sərtləşən Zalujnının qətiyyəti və qərarlılığı onu yeni nəsil Ukrayna liderinə çevirib:

“Onun genişmiqyaslı işğal ərəfəsində davamlı hazırlığı və müharibənin ilkin mərhələlərində ağlabatan döyüş taktikası Ukrayna Silahlı Qüvvələrinə rus qoşunlarının hücumunu dəf etməyə kömək etdi”.

Qeyd edək ki, Zalujnının geniş maddi imkanları da var. Tək bir faktı deyək ki, 2023-cü ilin yanvarında “The New York Times” yazmışdı ki, Zalujnıya “Microsoft”-da işləyən və proqram təminatı ilə məşğul olan Ukrayna əsilli amerikalı Qriqori Stepanetsdən 1 milyon dollar miras qalıb.

Zalujnı 16 dekabr 2023-cü ildə hüquq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb. SSRİ-də xidmət etməyən Ukrayna yüksək rütbəli zabitlərinin nümayəndəsi kimi o orduda və Ukraynada, eləcə də Qərbdə böyük nüfuz sahibidir. Ona görə də Zalujnını Qərbin ehtiyat oyunçusu hesab etmək olar.

Bəs, General Zalujnı nə zaman siyasi olimpə doğru yürüşə başlayacaq?

Bu Zalujnının şəxsi istəyindən daha çox Qərbin maraqlarından asılıdır. Amma fakt-faktlığında qalır ki, Qərb Zelenskini əvəz edəcək simanı tapıb. Hələliksə Qərb Zalujnıdan daha çox Zelenskiyə təzyiq aləti kimi istifadə edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO