ABŞ İŞİD-i yenidən AKTİVLƏŞDİRİR – Bu dəfə hədəf AVROPADIR… - TƏHLİL 

ABŞ İŞİD-i yenidən AKTİVLƏŞDİRİR – Bu dəfə hədəf AVROPADIR… - TƏHLİL 

Hazırda oxunan: ABŞ İŞİD-i yenidən AKTİVLƏŞDİRİR – Bu dəfə hədəf AVROPADIR… - TƏHLİL 

172614

Xəbər verdiyimiz kimi, “İslam Dövləti”nin (İŞİD terror təşkilatı) Orta və Mərkəzi Asiya ölkələrindəki tərəfdarları və üzvləri Ukraynadakı döyüş bölgəsindən istifadə etməklə Avropa ölkələrinə daha çox gəlməyə başlayıblar. Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, onlar Almaniyaya əsasən “ukraynalı qaçqınlar” adı altında gedirlər. Gedənlərin çoxu İŞİD-in Pakistan, İran, Əfqanıstan və Orta Asiyadakı qruplaşmasının üzvləri, eləcə də Xorasan şəhərindəki təşkilatın üzvü olan Tacikistan vətəndaşlarıdırlar ki, onlar da məhz bu sxemdən və saxta sənədlərdən istifadə edərək köhnə qitəyə gedirlər.

Ukraynada İŞİD döyüşçüləri varmı?
 

MÖVZU İLƏ BAĞLI:

Şərqdə GÜNƏŞ BATIR... – İran tökülən qanın intiqamını KİMDƏN ALACAQ?


2 ilə yaxın davam edən Ukrayna-Rusiya müharibəsinə Qərb təkcə siyasi və texniki dəstək vermir, həm də muzdlu döyüşçülərin bölgəyə cəlb edilməsi üçün müxtəlif addımlar atır. Həmin muzdlularınsa böyük bir qismi İŞİD terror təşkilatının üzvləridir.  

İŞİD terrorçularının Ukraynada ruslara qarşı vuruşması barədə bu günə kimi kifayət qədər fikirlər səslənib. Amma rəsmi Kiyev bu xəbərləri nə təkzib, nə də təsdiq edib. Lakin dünyanın aparıcı informasiya kanalları zaman-zaman İŞİD döyüşçülərinin Ukraynada döyüşməsi barədə məlumatlar yayıb. Məsələn, məşhur “France 24” telekanalının 27 fevral 2023-cü il tarixində yayımladığı videosüjetdə deyilir:

“Cəbhədə qoluna İslam Dövləti (İŞİD) qruplaşmasının nişanını taxan “ukraynalı əsgər”in görüntüləri internetdə böyük fırtına yaradıb. Bəzi istifadəçilər və KİV-lər bunun terror qruplaşması ilə Ukrayna arasında əlaqələrin sübutu olduğunu iddia edirlər”. 

“The Cradle” nəşri isə hələ 5 mart 2022-ci ildə, yəni Ukrayna-Rusiya müharibəsinin ilk həftəsində yazırdı:

"2021-ci ilin sonunda amerikalılar xeyli sayda terrorçunu həbsxanalardan azad edib. Onlar ABŞ-ın nəzarətində olan Suriyanın Əl-Tanf bazasında təlimlərə cəlb ediliblər. Onlar burada təxribatçı və terrorist döyüş üsulları üzrə xüsusi təlim keçiblər və bundan sonra onları Ukraynanın Donbas bölgəsinə göndəriblər”.

İŞİD döyüşçülərinin Ukraynada ruslara qarşı vuruşmasını Rusiya rəsmləri, hətta Prezident Putin də dəfələrlə dilə gətirib. Sonuncu dəfə 2023-cü ilin 17 mayında FTX-nin direktoru Aleksandr Bortnikov Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında bildirib ki,  İŞİD döyüşçüləri İçkeriya və Krım tatar birləşmələrinin tərkibində onlara qarşı vuruşur:

“Onlar həmçinin hücumlar və terror aktları həyata keçirmək üçün Rusiya ərazisinə göndərilən təxribat və kəşfiyyat qruplarının bir hissəsidir”.

Göründüyü kimi İŞİD terrorçularının Ukraynada vuruşması yeni məsələ deyil. 

Bəs, terrorçuları Ukraynaya kimlər və nə məqsədlə göndərir?

Dünyadakı bir çox terror təşkilatlarının ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqəsi barədə bu günədək çox yazılıb, çox danışılıb. Bütün deyilənlərdən də belə bir nəticə hasil olub ki, Ağ Evdə oturanlar öz çirkin işlərini gördürmək üçün terror qruplaşmalarından hər zaman istifadə ediblər. 

Əvvəllər qeyri-leqal fəaliyyət göstərən terror təşkilatının sonradan leqallaşması üçün də Vaşinqton az “tər tökməyib”. Məsələn, “talibançılar” birbaşa ABŞ xüsusi xidmət orqanlarının layihəsidir. 25 il müddətində yetişdirilib və formalaşdırılan bu terror təşkilatı biləvasitə Vaşinqtonun xeyir-duası ilə Əfqanıstanda siyasi hakimiyyəti ələ keçirdi. Daha doğrusu 2021-ci ildə Əfqanıstandan özünün və müttəfiqlərinin ordusunu geri çəkən ABŞ bütün səlahiyyətləri “talibançılar”a ötürdü. Bu gün isə dünyada Əfqanıstan daha çox Taliban dövləti kimi təqdim edilir. 

İŞİD də ABŞ xüsusi xidmət orqanlarının layihəsidir. Son illər Vaşinqton İŞİD-dən təkcə Suriya və İraqda deyil dünyanın bir çox ölkələrində hərbi dəyənək kimi istifadə edir. Terrorçuların Ukraynada peyda olmasını bu baxımdan təsadüf saymaq olmaz.

Terrorçuların Qərbi Avropaya “köçünün” arxasında nə dayanır?

“Bild” qəzetinin yaydığı məlumatda əslində təəccüblü bir şey yoxdur. Ukraynaya gətirilən terrorçular asanlıqla Qərbi Avropa dövlətlərinə getmək imkanı qazanıblar. Bu da ABŞ-ın Avropa və İŞİD-lə bağlı gələcək planlarının bir parçasıdır. Vaşinqtondakılar çalışır ki, terrorçular təkcə ruslara qarşı vuruşmasın, həm də yavaş-yavaş Avropa İttifaqı ölkələrinə yayılsınlar. Və Aİ üzvü olan dövlətlərdə qarışıqlıq və terror aktları törətsinlər. 

Bununla da ABŞ-a rəqib olmaq istəyən bəzi Avropa dövlətləri daxildən sarsıdılsın, onların başları qlobal məsələlərə yox, özlərinin daxili problemlərinə qarışsın. Bununla da ABŞ daha bir rəqibini sıradan çıxartmış olsun.

Təsadüfi deyil ki,”Bild” qəzeti iddia edir ki, Almaniyaya qaçqın adı altında gələn İŞİD tərəfdarları həm Almaniyada, həm də digər ölkələrdə terror aktları və hücumlar planlaşdıra bilərlər:

“Artıq bir neçə aydır ki, bütün Avropada döyüş hazırlığı vəziyyəti hökm sürür. Təkcə Almaniyada islamçılar üç dəfə dəhşətli terrora cəhd ediblər.

Xatırladaq ki, dekabrın 23-də Avstriya, Almaniya və İspaniyanın təhlükəsizlik orqanları islamçı terror qruplaşmasının Yeni il gecəsi və Milad bayramında bir neçə terror aktı hazırladığını bildirdilər. Almaniyada İŞİD tərəfdarı olmaqda şübhəli bilinən 4 nəfər Köln kilsəsinə hücum planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb, lakin onlardan üçü sonradan sərbəst buraxılıb”.

Göründüyü kimi ABŞ-ın Aİ və İŞİD-lə bağlı planları yavaş-yavaş reallaşır. Bu gedişlə yaxın aylarda Qərbi Avropa dövlətlərində davamlı terror hadisələrinə şahidlik edəcəyik. Beləcə, Vaşinqtonun dəstəyi ilə İŞİD Avropanı sarmaşıq kimi bürüyəcək. Nəticədə Avropa daha əvvəlki kimi təhlükəsiz və inkişaf etmiş bölgə olmayacaq.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO