Bu günlərdə məşhur “Politico” nəşri sensasion sayılacaq bir məlumat yayıb. Məlumatda deyilir ki, Avropa İttifaqı ölkələri tərəfindən pandemiyanın qızğın çağında alınmış ən azı 215 milyon doza COVID-19 peyvəndi tullanıb:
“Bu isə 4 milyard avro vəsaitin küçəyə atılması deməkdir”.
Qəzet qeyd edib ki, pandemiya dövründə Aİ ümumilikdə 1,5 milyard dozaya qədər peyvənd alıb ki, onların da çoxu bütün Avropada zibilxanalara atılıb.
MÖVZU İLƏ BAĞLI:
Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - RƏSMİ
Bu cür vəziyyətin yaranması təəssüf doğurur. Çünki hazırda dünyada 80-dən artıq dövlətin illik büdcəsi 4 milyard dollardan aşağıdır. Ona görə də 4 milyard dolların zibilliyə atılmasına heç cür bəraət qazandırmaq mümkün deyil.
Burada diqqət çəkən digər məqamlar da var. Belə ki, hazırda pandemiya davam edir. Əksər ölkələrdə karantin rejimi ləğv edilsə də pandemiyanın statistikası aparılır. Ən pisi də odur ki, hazırda COVİD-19-dan ölənlər də az deyil. Belə vəziyyətdə 215 milyon dozanın zibilliyə atılması heç cür başa düşülmür.
Nəyə görə bu qədər peyvənd dozası istifadəsiz qalıb?
Nəzərə alaq ki, pandemiyanın sona çatması barədə Ümumdünya Səhiyyə Təşkilatı heç bir bəyanat yaymayıb və hələki təhlükə davam edir. Hətta bir çox insanlar bu gün də peyvənd olunurlar. Belə bir vəziyyətdə peyvənd dozalarının zibilliyə atılması anlaşılan deyil.
Ən pis halda bu vaksinlər kasıb ölkələrə göndərilə bilərdi. Amma nədənsə avropalılar bunu da məsləhət bilməyiblər. Baxmayaraq ki, onlar humanitar dəyərlərdən daha böyük şövqlə danışırlar.
Bəs, o cür bəlağətli danışanlar niyə kasıb ölkələrə yardım əli uzatmırlar?!
Avropa İttifaqının bu cür israfçılığı həm də ona işarə edir ki, avropalılar peyvənd dozalarına o qədər də inanmırlar. Əgər belə olmasa idi bu qədər doza zibilliyə atılmazdı.
Bütün bunlarsa onu göstərir ki, COVİD-19 pandemiyadan öncə siyasi-iqtisadi bir oyundur. Və bu oyunda milyardlar uduzan tərəflərdən biri də Aİ-dir…
Qeyd edək ki, peyvənd milliyətçiliyi ilə ən sərt formada mübarizə aparan ölkə məhz Azərbaycan olub. Belə ki, 2021-ci ilin martında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülən “COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Sözügedən qətnamə Prezident İlham Əliyevin 2021-ci il 1 fevral tarixində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülüb.
Surxay Atakişiyev, Bizim.Media