Qərbin məğlubiyyət ETİRAFI – “Ukraynanı yarı yolda buraxacaqlar”

Qərbin məğlubiyyət ETİRAFI – “Ukraynanı yarı yolda buraxacaqlar”

Hazırda oxunan: Qərbin məğlubiyyət ETİRAFI – “Ukraynanı yarı yolda buraxacaqlar”

167747

Son zamanlar Qərb mətbuatı artıq Ukraynanın Rusiya ilə müharibədə məğlub olduğunu etiraf etməyə başlayıb. 

Rusiyanın qalib tərəfə çevrilməsinin səbəbləri

“The Economist” nəşrinin yazdığına görə, Rusiya Ukrayna müharibəsində hələlik öndədir: 

“Bunun əsas gücü Avropanın strateji baxışının olmamasındadır. Rusiya Prezidenti Vladimir Putin öz hakimiyyətini möhkəmlədib və bu fonda Ukraynanın demokratik, Avropa ailəsinin üzvü kimi müharibədən çıxa biləcəyinə və çıxmalı olduğuna dair Qərbin inamını sarsıdır”. 

Qərb mətbuatının bildirdiyinə görə, Rusiyanın qələbəsini mümkün edə biləcək əsas səbəb əraziləri nəzarətə götürməkdən çox, orada möhkəmlənməsidir: 

“Heç bir ordu Rusiyanı hazırda nəzarət etdiyi torpaqlardan qovmaq iqtidarında deyil. Ukrayna uzun müddət əks-hücum əməliyyatı həyata keçirsə də, demək olar ki, heç bir irəliləyişə nail ola bilməyib. Nəticədə Ukraynanın əks-hücum əməliyyatı dayanıb. Rusiya hakimiyyəti daxilində müharibə məsələsində vahid mövqe olduğu halda, Ukraynada Prezidentlə müdafiə naziri arasında fikir ayrılıqları yaranıb. 

Bundan başqa, ABŞ-da Bayden administrasiyası Ukraynaya 60 milyard dollarlıq yardım ayırmaq məsələsində hələlik  Konqresin müqavimətini qıra bilməyib. Avropa ölkələri də tədricən Ukraynaya silah göndərməyi dayandıracaqlarını bəyan etməyə başlayıblar. Bu sırada ilk olaraq Slovakiya addım atmağı düşünür. Digər tərəfdən, Avropa ölkələrini müharibənin əsas ağırlığının ABŞ-ın deyil, onların üzərinə düşməsi də narahat edir”. 

Avropa mətbuatı belə bir vəziyyətdə Qərbin Ukrayna məsələsində Rusiya ilə anlaşacağını da bəyan edir. Bildirilir ki, Ağ Ev Kremllə anlaşarsa, Ukrayna parçalanacaq, Krım və Donbas Rusiyaya veriləcək, Zelenski hakimiyyəti dəyişdiriləcək və bütün məsuliyyət onun üzərinə yüklənəcək. 

“Qərb yardım etməsə...”

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirib ki, Ukrayna gələn ilin sonunadək uğurlu hərbi əməliyyat keçirə bilməsə, ərazi itkisilə barışmaq məcburiyyətində qalacaq:

“Bu günə qədər Qərb Ukraynaya o qədər silah verib ki, onun vasitəsilə Rusiyanın qarşısında dayanmaq mümkün olsun. Ancaq verilən silahlar Rusiyanı məğlub etmək üçün kifayət deyil. Bu da onu göstərir ki, Qərb Rusiyanın məğlub olmasında maraqlı deyil. 

ABŞ-ın Nümayəndələr Palatasında artıq respublikaçılar üstünlük təşkil edirlər. Bayden hakimiyyətinin Senatla da ciddi problemləri var. Nəticədə, Bayden adminstrasiyasının Ukrayna ilə bağlı təklif etdiyi yardım paketi qanunverici orqandakı çoxluq tərəfindən qəbul edilmir. Belə olan halda, böyük ehtimalla, ABŞ 60 milyard dollarlıq yardımı bu il Ukraynaya çatdıra bilməyəcək. 

Nəticənin necə olacağını ABŞ rəsmiləri özləri bəyan edib. Əgər yardım edilməsə, Ukrayna Rusiya qarşısında diz çəkmək məcburiyyətində qalacaq. Hətta yardım edilsə belə, bundan sonra Ukraynanın daha ciddi problemlər yaşayacağı qaçılmazdır. 
Rusiya tutduğu ərazilərin müdafiəsini yüksək səviyyədə təşkil edib. Bu durumda Ukrayna gələn ilin sonunadək uğurlu hərbi əməliyyat keçirə bilməsə, onun üçün vəziyyət kifayət qədər ağırlaşacaq və Kiyev ərazi itkisilə barışmaq məcburiyyətində qalacaq. Təəssüf ki, bu reallıqdır. Qərbə sonsuz etimad göstərənlər, onun yardımına ümid edənlər əksər hallarda bu cür namərdliklə üzləşirlər. Nəticədə özlərini, dövlət və xalqlarını çıxılmaz vəziyyətə salırlar”. 

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO