Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü münasibətilə ölkənin dövlət rəsmiləri Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən ziyarətdə dövlət və hökumət nümayəndələri, siyasi partiya rəhbərləri iştirak ediblər.
Tədbirdə dövlət himni səsləndirilib. Anıtqəbir önünə əklil qoyulub, türk xalqının xilaskar oğlunun əziz xatirəsinə ehtiram ifadə edilib.
Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Xatirə kitabı”nı imzalayıb.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti ölkənin 100 illik yubileyinə çatmanın qürurunu hiss etdiklərini deyib.
Türkiyənin səlahiyyətli və etibarlı əllərdə olduğunu vurğulayan Prezident Ərdoğan “Hər anı vətənimizə və millətimizə xidmətlə keçən 21 illik hakimiyyətimiz dövründə əmanətinizi layiqincə qorumağa çalışdıq. Türkiyəni tarixinin ən böyük sərmayələri ilə birləşdirən bir idarəetmə sistemi olaraq, cümhuriyyətimizin ikinci əsrini “Türkiyə Əsri” olaraq taclandırmaqda qərarlıyıq”, - deyə bildirib.
Mərasimdə əllərində Dövlət bayraqları ilə Anıtqəbri ziyarətə gələn çox sayda vətəndaş iştirak edib.
Bizim.Media