“Azərbaycan dilində ilk qəzet Rusiyada 2001-ci ildə mənimlə həyat yoldaşım Elçin Arifoğlunun təşəbbüsü ilə işıq üzü görüb”.
Bu məlumatı Azərbaycan Pedaqoji Universitetinin Quba filialında “Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında, söz və mətbuat azadlığının təmin edilməsində ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə “Qafqaz” TV-nin əməkdaşı Xanım Məmmədova səsləndirib.
Onun sözlərinə görə, 2000-ci ildə həyat yoldaşı Elçinlə Moskvada yaşayıblar. Bu zaman Elçin qərara alıb ki, latın qrafikası ilə bir milli qəzet çıxardaq və buna nail olduq. Qubadan yayımlanan “Qafqaz” TV-nin əməkdaşı Elçin Arifoğlu bu faktı Bizim.Media-ya belə açıqlayıb:
“Rusiyada həmin vaxt belə qəzetə ehtiyac var idi. Biz, Azərbaycan vətəndaşı olduğumuzdan çıxaracağımız qəzetin qeydiyyatını Rusiya vətəndaşı və bir azərbaycanlı ilə reallaşdırdıq. 2001-ci il sentyabr ayının 1-də Rusiyanın o zamankı Telekommunikasiya və Rabitə Nazirliyində azərbaycanlıların “Millətin qəzeti” adlanan nəşr qeydiyyatdan keçib. Qəzetin direktoru Cəmil Alışov redaktoru isə özüm oldum. Başladıq latın qrafikası ilə milli qəzet çıxarmağa”.
Elçin Arifoğlu açıqladı ki, həmin vaxt Rusiyada yaşayan azərbaycanlılar bu qəzetə çox meyil göstərirdilər.
“Onda hələ internet, mobil şəbəkə çox aktiv olmadığından bizim qəzetdən çox məlumat alırdılar, xəbərlərimizi oxuyurdular”.
Elçin Arifoğlunun həyat yoldaşı Xanım Məmmədova ilk vaxtlar tirajı 2000 nüsxə olan “Millətin qəzeti” nəşrinin “Millət, millətin qəzetini oxu” şüarı ilə çıxdığını deyir:
“Qəzet daha çox respublikamızda gedən proseslərə diqqət yetirib və 2001-ci ilin dekabr ayından işıq üzü görüb. Doqquzuncu sayında “Mütəllibovçular mitinq keçirtdi”, “Doqquz ildən sonra tapılan meyit”, “Bakıda kilsəyə hücum”, “Üfüqdən oyana” başlıqlı yazılarla azərbaycanlı oxucuların görüşünə gəlib”.
“2003-cü ildə Elçin və Xanım Məmmədovlar Moskvadan digər şəhərə getdiklərindən qəzetin çıxarılması işləri başqa adama həvalə edilib. Getdikcə sosial şəbəkəni rolu böyüdüyündən Moskvada Azərbaycandan xəbər verən milli qəzetin fəaliyyyətində durğunluq yaranıb. Bir müddət sonra isə qəzetin fəaliyyəti dayanıb. Elçin Arifoğlu deyir ki, qəzet çox yaşamasa da Rusiyada çıxan latın qrafikalı ilk milli qəzet kimi tarixə düşdü və bu, bizim ailənin mətbuat sahəsində kiçik də olsa bir uğurudur. 2009-cu ildə Rusiyadan Azərbaycana qayıdan Elçin və Xanım Məmmədovlar 2014-2015-ci ildən Qubada “Qafqaz” TV-də çalışırlar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu