İranla Rusiya arasında Fars körfəzindəki 3 ada ilə bağlı yaşanan qalmaqal deyəsən hələ uzun müddət davam edəcək. Bu günlərdə həmin məsələyə toxunan İranın XİN rəhbəri Abdullahiyan bir daha bəyan edib ki, İranın ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getməyəcəklər. Bu əsasda da İran XİN rəhbəri Rusiyanın izahatlarını yetərli hesab etmədiklərini bildirib.
Hüseyn Əmir Abdullahiyan Tehranda səfərdə olan Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd əl-Busaidi ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya səfirinin İran Xarici İşlər Nazirliyinə çağırılmasından sonra Rusiya rəsmiləri bununla bağlı izahatlar versə də, biz bunu yetərli hesab etmirik və İranın ərazi bütövlüyü ilə bağlı Rusiya və ya hər hansı digər tərəfin bu addımı təkrarlamasına dözməyəcəyik.
Qeyd edək ki, bu yaxınlarda Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran körfəzindəki üç mübahisəli ada (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları) ilə bağlı Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası arasında strateji danışıqların 6-cı mərhələsinin yekun bəyanatında yer alan fikirlərlə bağlı olaraq səfir Aleksey Dedova etiraz notası təqdim edib. Xatırladaq ki, həmin bəyanatda Rusiya sözügedən 3 ada ilə bağlı problemin beynəlxalq müstəvidə həllini vacib sayıb. Bu da Tehranın narazılığına səbəb olub.
Görəsən, İran və Rusiya arasındakı 3 ada gərginliyi nə ilə yekunlaşacaq?
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov öz məlumatlarına əsasən bildirir ki, Rusiya artıq məsələ ilə bağlı üzrhaqlıq edib:
MÖVZU İLƏ BAĞLI:
İran və Rusiya XİN rəhbərləri münasibətlərdəki son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
“Son zamanlar Rusiya çalışır ki, ərəb dünyasında dayaqlarını möhkəmləndirsin. Bu müstəvidə də Moskva Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına diqqətlə yanaşır. Ona görə də Rusiyanın bu sayaq addımları sanksiyalar məngənəsində olduğu bir zamanda dost artırmaq cəhdlərinin tərkib hissəsidir. Həmin səbəbdən də 3 ada ilə bağlı İranın narazılığına səbəb olan belə bir açıqlama verib.
Lakin Rusiya İranı da itirmək istəmir. Bildiyimə görə, dünən Rusiyanın yüksək rütbəli məmurları artıq İran tərəfinə məsələnin başqa tərzdə qoyulmasının tərəfdarı olduqlarını bildiriblər. Bu müstəvidə də İranın ərazi bütövlüyü və 3 adanın hamısının Tehrana məxsus olduğunu tanıdıqlarını bəyan ediblər. Həmin adalar məsələsi İran üçün prinsipial məsələdir.
1972-ci ildən İran həmin 3 adaya sahib çıxıb. İran qoşunları o dövrə qədər Bəhreyndə olub. Yalnız İngiltərənin canfəşanlığından sonra Tehran qoşunlarını Bəhreyndən çıxardı. Behreyn müstəqil dövlət oldu. Amma həmin 3 adanı İran özünə götürdü. İran heç bir vəclə həmin adalardan əl çəkməyəcək. 3 adadan ikisində yaşayış var, üçüncüdə isə hərbi infrastruktur mövcuddur”.
Rüfət Sultan, Bizim.Media