Finlandiyanın ardınca İsveçin də NATO-ya üzvlük yolu açıldı. Belə ki, Türkiyə nəhayət İsveçin də NATO-ya üzv olmasına yaşıl işıq yandırıb.
Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi fonunda Finlandiya və İsveçdə NATO-ya üzv olmaq məsələsi gündəmə gəldi. Lakin ilk dövrlərdə Türkiyə hər iki ölkənin PKK terrorçularına dəstək verməsini əsas gətirərək, onların istəklərinin yalnız bu dəstəyə son veriləcəyi təqdirdə reallaşa biləcəyini bildirdi.
Bu xüsusda Ankaranın tələblərini ümumən yerinə yetirən Finlandiya şimal blokuna üzv qəbul olundu. İsveç məsələsi isə həll olunmamış qaldı. Lakin indi Türkiyə, NATO və İsveç rəsmiləri tərəfindən verilən açıqlamalar belə deməyə əsas verir ki, qurumun Vilnüs sammitində Stokolm da alyansa daxil ediləcək.
Maraqlıdır ki, soyuq müharibənin tuğyan etdiyi dövrdə İsveç və Finlandiya kimi ölkələr heç bir hərbi alyansda iştirak etməyərək, neytral mövqe tuturdular. Amma indiki halda onlar birdən-birə NATO-ya üzv olmaq qərarına gəlirlər.
Soyuq Müharibə dönəmində belə Alyansa üzv olmayan iki ölkəni, günümüzdə bu addımı atmağa görəsən nə vadar edib?
Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Skandinav ölkələrini NATO-ya qəbul olmağa vadar edən məsələ Rusiyanın Ukraynada başladığı müharibədir:
MÖVZU İLƏ BAĞLI:
İsveç Türkiyəyə söz verdi - Terror təşkilatlarını dəstəkləməyəcək
“İsveçlə Finlandiya soyuq müharibə dövründən bu günə qədər əvvəl SSRİ, sonra da Rusiya ilə münasibətlərdə daha ciddi və məsafəli davranmağa üstünlük verirdilər.
Həmçinin, bu iki ölkə Rusiyanın reaksiyasını nəzərə almaqla müəyyən qədər NATO ilə də arada məsafə saxlayırdı.
Amma Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə başlaması İsveç və Finlandiyanın artıq NATO-ya üzvlüyünü rəsmiləşdirdi. Mövcud vəziyyətdə Helsinski və Stokolmda başa düşürlər ki, nə qədər neytral qalsalar da, Moskva Ukraynada etdiyi qəsbkarlıq siyasətini digər coğrafiyalarda da həyata keçirə bilər.
Bu baxımdan Rusiyanın Ukraynada müharibəyə başlamasının ardından İsveçlə Finlandiya bir növ Moskva hücumlarından immunitet qazanmaq üçün məcburən NATO-ya üzvlük məsələsini qabartmalı oldular.
Hər halda bu iki ölkənin NATO-ya üzvlüyü heç bir formada onların Rusiya ilə münasibətlərini zədələməyəcək. Moskva da yaxşı anlayır ki, həmin iki ölkə NATO üzvü olsa da, bu gün Türkiyə ilə olduğu kimi, İsveç və Finlandiya da heç zaman Rusiyaya qarşı kəskin mövqe nümayiş etdirməyəcək”.
Rüfət Sultan, Bizim.Media