Rusiya Müdafiə Nazirliyi ilə gərgin münasibətlərdə olan hərbləşdirilmiş “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin artıq onlara qarşı hərbi əməliyyata keçmək yolunu tutub. Belə ki, dünəndən başlayaraq, Rusiya ordusunun “Vaqner” muzdlularının yerləşdiyi əraziyə zərbələr endirməsi, Priqojini hərəkətə keçməyə vadar edib.
Artıq onun dəstələri Rostovdadır. Onların buradan Moskvaya doğru hərəkət edəcəyi gözlənilir.
Bunun nəticəsidir ki, artıq Moskva şəhərinə Müdafiə Nazirliyinin hərbi texnikaları cəmləşib.
Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli müharibə təcrübəsinə istinad etməklə bildirir ki, siyasi sabitliyin pozulduğu, etimadsızlıq mühitinin hökm sürdüyü ölkələrdə belə hallar hər zaman baş verir:
MÖVZU İLƏ BAĞLI:
Rusiya vətəndaş müharibəsinin ASTANASINDA – Priqojin nə istəyir?
“Zorla nəyisə müvəqqəti saxlamaq olar, amma dayandırmaq mümkün deyil. Rusiya əhalisinin əksəriyyəti Moskvanın Rusiyada başladığı müharibənin əleyhinədir. Ancaq FSB-nin təzyiqi o qədər güclüdür ki, insanlar açıq fikir bildirməyə qorxur. Amma bununla belə, Rusiyaya qarşı həm daxildə, həm də xaricdən təzyiq o qədər güclüdür ki, ölkədə aşılanma prosesi gedir. Bu olay Rusiyada xaosun baş verdiyinin göstəricisidir”.
Həmsöhbətimizə görə, Priqojinin dövlət çevrilişi cəhdi baş tutmayacaq:
“Amma bunun özü də Putin hakimiyyətinin zəifləməsində mühüm rol oynayacaq. Artıq ona təzyiq başlayıb. Bu təzyiq də silahlı formadadır, yəni daha ciddi təzyiqdir”.
Ekspertin fikrincə, Priqojinin qiyamı Qərbin Rusiyada apardığı informasiya təxribatı və kiber hücumların nəticəsidir:
“Priqojinin fəaliyyətinin arxasında bəzi Qərb ölkələrinin müəyyən təsirləri dayanır. Qərb elə vəziyyət yaradıb ki, Ukraynada başladığı müharibə artıq Rusiyanın öz daxilində vətəndaş müharibəsi təhlükəsinə qədər yüksəlib. Hadisə Rusiya üçün yaxşı heç nə vəd etmir”.
Rüfət Sultan, Bizim.Media