Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuzun birgə iştirakı ilə martın 4-də ABŞ-dakı Pakistan icmasının rəhbərlərilə onlayn görüş keçirilib.
Bu barədə Bizim.Media-ya Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ İran sərhədlərinə qırıcı təyyarə göndərdi – NƏ BAŞ VERİR?
Baş konsul N.Ağayev Vətən Müharibəsi dövründə qardaş Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsinə verdiyi hərtərəfli siyasi dəstəyə görə minnətdar olduğumuzu diqqətə çatdırıb.
Pakistan icması ilə son illərdə sıx dostluq münasibətlərinin qurulmasından bəhs edən N.Ağayev bu prosesin məhz Los-Ancelesdə başladığını və Azərbaycan, Pakistan və Türkiyə Baş Konsulluqlarının səylərilə, keçirilən birgə tədbirlərlə hər üç icma arasında da yaxın münasibətlərin yarandığını vurğulayıb.
N.Ağayev Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edib.
Sonra çıxış edən Türkiyənin baş konsulu C.Oğuz Türkiyənin Vətən Müharibəsi dövründə Azərbaycana siyasi dəstəyinin iki ölkə arasındakı sarsılmaz əlaqələrə əsaslandığını söyləyib.
O, erməni lobbisinin artıq Pakistan icmasına qarşı hücuma keçdiyini təəssüflə bildirib.
Kaliforniyadakı siyasətçilərin qərəzli yanaşmadan çəkinərək, Türkiyə, Azərbaycan və Pakistan icmalarının da fikir və narahatlıqlarını dinləməsinin və nəzərə almasının zəruriliyini vurğulayıb.
Sonra çıxış edən Pakistan icma rəhbərləri daim qardaş Azərbaycan və Türkiyənin yanında olduqlarını qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük məmnunluq hissi keçirdiklərini və bunun regionda davamlı sülhə yol açacağına inandıqlarını bildiriblər.
Bizim.Media