Almaniyanın Bavariya əyalətinin Erlangen şəhərində 28 may Müstəqillik Gününə həsr olunmuş “Son iclas”film nümayiş etdirilib.
Bu barədə Bizim.Media-ya tədbirin təşkilatçısı Hüseyn Kamalzadə məlumat verib.
O bildirib ki, filmin təqdimat mərasimində ictimaiyyət nümayəndələri, Erlangen şəhər bələdiyyəsinin rəhbərliyi, Yəhudi mədəniyyət mərkəzinin fəalları, türk mədəniyyət mərkəzinin sədrləri, Qazaxıstan, Ukrayna diaspora və çox sayda əcnəbilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Almaniya-Azərbaycan əlaqələrindən danışıblar. Qeyd edilib ki, bu cür layihələr iki ölkə arasında əlaqələrin daha da uğurlu inkişafına imkan yaradır, xalqlarımız arasında mədəni əlaqələri gücləndirir.
Qeyd edək ki, “Son iclas”filmi Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı Media Mərkəzi" tərəfindən lentə alınıb. Filmdə 1918-ci ildə Azərbaycanın müstəqillik uğrunda apardığı savaşdan, onun süqutu və ikinci dəfə qazanılan müstəqillikdən sonra əldə etdiyi uğurlar barədə ətraflı söhbət açılır.
Surxay Atakişiyev, Bizim.Media