Ötən ilin sonunda İranla Rusiya arasında son model su 35 qırıcılarının satışı barədə razılıq əldə olunub. Razılığa əsasən, Rusiya 2023-cü ilin ortalarına qədər İrana 64 ədəd “4++” nəsil olan “Su 35” qırıcısı satacaq.
Məlumata görə artıq qırıcıların ilk partiyası, yəni, 24 ədədi İrana təhvil verilib.
Bəs, bu təyyarələri almaqda İranın məqsədi nədir?
Ukrayna cəbhəsində döyüş aviasiyasının biabırçı itkiləri ilə barışa bilməyən Rusiya, çıxış yolunu müasir döyüş üsullarından istifadədə, yəni zərbə PUA-da gördü. Bu cəhətdən elə müharibənin ilk günlərindən uğursuzluqla qarşılaşan Rusiya məcburən alternativlər axtarmağa başladı.
Çünki milli istehsalı olan və kifayət qədər baha qiymətə başa gəlmiş “Lastoçka”, “Orion”, “Forpost” kimi PUA-ları Ukrayna müharibəsində özünü doğrultmadı. Bütün bunların fonunda Rusiya İran istehsalı olan PUA-ları sınamaq qərarına gəldi. Söhbət “Shahed 131” və “Shahed 136” PUA-dan gedir.
Bu kamikadze dronlar döyüş tətbiqində qismən də olsa, özünü doğrultdu. Hətta uzun fasilədən sonra paytaxt Kiyevə hava zərbələri endirildi.
Nəticə etibarı ilə, Rusiya İrandan daha çox sayda “Shahed” PUA-ları tələb etməyə başladı.
Rusiyanın döyüş meydanında çarəsiz qalmasından yararlanan İran ən son model “Su 35” qırıcılarının alışı ilə bağlı təklif irəli sürdü.
Qeyd etmək lazımdır ki, Rusiya bu çoxməqsədli döyüş təyyarələrini heç bir dövlətə satmayıb.
Hətta Belarus uzun müddət “Su 30 sm” təyyarələrinin alışı üçün səy göstərsə də, yalnız 2017-ci ildə altı ədəd “Su 30 sm” təyyarəsinin satışı barədə razılıq əldə etdi. Anlaşmanın dəyəri 600 milyon ABŞ dollarıdır.
Bir sözlə Rusiya bu təyyarələri məcburi qaydada İrana satır. Doğrudur, Ukrayna səmasında çoxlu sayda “Su 30”, “Su 30 sm”, “Su 27”, “Su 34” və “Su 35” təyyarəsi məhv edilib. Amma bu “4++” nəsil “Su 35” qırıcısının imkanlarını kölgədə qoya bilməz. Etiraf etmək lazımdır ki, bu çoxməqsədli döyüş təyyarəsi sələflərini bir çox göstəricilərdə geridə qoyur.
İran Hərbi Hava Qüvvələrinin təyyarə parkı isə köhnəlib. Bunu İran komandanlığı da yaxşı bilir. Mümkün hava döyüşü baş verəcəyi təqdirdə, İranın imkanları məhdudlaşır. İranın arsenalında İslam İnqilabı dövründən qalan “F 4” bombardmançıları, “F 5 eagle” qırıcıları, modernizə olunmamış “Miq 29” qırıcıları, “F 14” təyyarələri və s. var.
“Su 35”in alınması, İranın qocalıb əldən düşmüş təyyarə parkına yeni nəfəs gətirəcək. İranın bu təyyarələri almaqda əsas məqsədi, İraq, Suriya cəbhəsində İsrail qüvvələrinə qarşı effektiv hava üstünlüyünü əldə etməkdir.
İsrailin kifayət qədər effektiv “Barak 8”, “Dəmir qübbə” kimi hava hücumundan müdafiə sistemləri olsa da, “Su 35” təyyarələrini vurmaq da, olduqca müşkül məsələdir.
Qeyd etmək lazımdır ki, bu həmdə İranın həmsərhəd olduğu ölkələrə güc nümayişi kimi dəyərləndirilir.
Mirzə Altay, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:10 / 24.05.2023
Rusiya İrana son model qırıcılar SATIR – Tehran İsrailə qarşı hava hücumuna hazırlaşır? – VİDEO
Hazırda oxunan: Rusiya İrana son model qırıcılar SATIR – Tehran İsrailə qarşı hava hücumuna hazırlaşır? – VİDEO
Hazırda oxunan: Rusiya İrana son model qırıcılar SATIR – Tehran İsrailə qarşı hava hücumuna hazırlaşır? – VİDEO
137744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.