Türkiyədə prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunun nəticələri seçki məntəqələri bağlandıqdan bir saat sonra məlum olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti hakim Ədalət və inkişaf partiyasının sədr müavini Əli İhsan Yavuza istinadla məlumat yayıb.
“Mayın 28-də keçiriləcək prezident seçkilərində istifadə olunacaq kiçik bülletendə iki namizədin adı yer alır. Səsvermə üçün bir qutu və bir zərf – heç bir çətinlik olmayacaq. Nəticələri bir saat ərzində hesablaya biləcəyik”, - deyə o bildirib.
Türkiyə Yüksək Seçim Qurumunun (MSK) məlumatına görə, prezident seçkilərinin ikinci turunun rəsmi nəticələri mayın 29-da, yekun nəticələr isə iyunun 1-də elan olunacaq.
Qeyd edək ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.
Bizim.Media