Dünya sürətlə dəyişir, inkişaf edir. Çox təəssüf ki, çox zaman biz sürətlə ayaqlaşa bilmirik, bu və ya digər şəkildə geri qalırıq. Məsələn, hazırda dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı qonşu dövlətlərimizdə 5G tətbiqinə keçdiyi halda biz hələ 4G-nin tətbiqinə tam nail olmamışıq.
Bununla bağlı Bizim.Media zaman-zaman məsələ qaldırıb, 4G-nin tətbiqindəki problemlərdən bəhs edib. Bu sahədə ekspertlərin və müvafiq qurumların fikirlərini təqdim edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyindən sonuncu dəfə redaksiyamıza bildirilmişdi ki, 4G-nin tətbiqində mobil operatorlar və İT şirkətləri passivdir. Ona görə də 4G-nin ölkə ərazisində geniş yayılmır.
Məsələ ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycan 5G sahəsində bütün qonşu dövlətlərdən geri qalır:
“Qazaxıstanda ötən ildən 5G fəaliyyətə başlayıb. Tezliklər auksion vasitəsilə verilib. 5G üçün auksiona çıxarılan bir tezlik diapazonun 3.5 milyon dollarlıq start qiyməti 40 dəfə bahalaşaraq təxminın 126 milyon dollar olub. Bu ölkədə bir neçə operatorlar birləşərək lisenziyanı udub.
Gürcüstanda hazırlıq işləri aparılır. Ötən ildən Tbilisi, Batumi və Kutaisidə pilot 5G şəbəkələr qurulub. Zəruri tezliklər auksion üçün hazırlanıb. Qaydalar, şərtlər də hazırlanıb. Ermənistanda cari ildə iki operator, “MTS Armenia” və “Telekom Armenia” operatorları 5G lisenziyasını alıblar.
Tezliklər müsabiqə əsasında verilib. Operatorlar iki il ərzində Ermənistanın əsas şəhərlərində 5G infrastrukturu qurmağı öhdəliyə götürüblər.
Özbəkistanda 5G ilə bağlı tezliklər təmizlənib, 2019-dan test olunur, ötən ilin sonundan operatorlar üçün müsabiqəyə çıxarılıb. Cari ilin əvvəli “Uztelekom” operatoru bütün ölkə üzrə şəbəkəni formalaşdırmağa və 5G xidmətini təqdim etməyə başlayıb”
Osman Gündüz təəssüflə bildirib ki, bu sahədə Azərbaycanda vəziyyət digər qonşu ölkələrdən xeyli geri qalır:
“Uzun illər bu istiqamətdə hazırlıqlar olmayıb. DRİ və İKTA tərəfindən müəyyən işlər aparılsa da, konsepsiya hazırlansa da hələlik 5G ilə bağlı hökumətin təsdiqlənmiş, aydın bir yol xəritəsi yoxdur. 5G üçün zəruri olan tezliklər başqa radioxidmətlər, hətta TV kanallar tərəfindən istismar olunur. Onların geri alınması istiqamətində uzun illər işlər aparılmayıb.
Hökumət bu tezliklərin 5G üçün geri alınması və kompensasiya qaydaları ilə bağlı qərar qəbul etsə də hələlik bu sahədə irəliləyiş yoxdur. 5G tezliklərin mobil operatorlara hansı qaydada veriləcəyi də qeyri-müəyyəndir, bununla bağlı açıqlamalar yoxdur. RİNN-nin verdiyi ən son məlumatda deyilir ki, 5G lisenziyasını ilk olaraq Azercell alacaq. Amma nə zaman?”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:20 / 17.05.2023
5G Azərbaycana nə zaman gələcək? – AÇIQLAMA
Hazırda oxunan: 5G Azərbaycana nə zaman gələcək? – AÇIQLAMA
Hazırda oxunan: 5G Azərbaycana nə zaman gələcək? – AÇIQLAMA
136410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.