Vyana şəhərində keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşü çərçivəsində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, media ekspertlərinin məsələ ilə bağlı fikirlərinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılmasıdır.
Geniş auditoriya üçün açıq qapı formatında keçirilən tədbirdə iştirakçı dövlətlərin jurnalistləri, media mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma qrupunun rəhbəri, medianın inkişafı məsələləri üzrə mütəxəssisi Rasim Bağırovun moderatorluğu ilə keçirilən tədbirdə Dr. Bruno Kreiski Fondunun Müasir Siyasi Tarix üzrə Təhlillər İnstitutunda elmi işçi, Vyanada yerləşən siyasi akademiya - Karl Renner İnstitutununda Mərkəzi və Şərqi Avropa üzrə hüquq və siyasət məsləhətçisi Anis Bajrektarevic; Çin və Qloballaşma Mərkəzinin baş əməkdaşı, Tsinxua Universitetinin Araşdırma Mərkəzinin baş məsləhətçisi, Vyana Amadeus Beynəlxalq Məktəbinin baş beynəlxalq məsləhətçisi, köşə yazarı və “China Daily”, “China Global TV Network”, “China Radio International”ın şərhçisi Dr. Harvey Dzodin; Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva; “freelance” jurnalist, “blogger” Adnan Hüseyn çıxış edib.
Jurnalist peşəsinin cəmiyyətdə ən vacib və əsas peşələrdən biri olduğunu qeyd edən Anis Bajrektarevic jurnalistlərin münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərdiyini bildirib.
O, jurnalistlərin müxtəlif həyati risklərlə üzləşdiyini, onların xüsusilə mina və digər partlayıcı vasitələrin partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını qeyd edib, peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün jurnalistlərin təhlükəsizliyinin beynəlxalq səviyyəsində təmin edilməsinin vacibliyini vurğulayıb.
Yeganə Hacıyeva çıxışında jurnalistlərin münaqişələri işıqlandırarkən nəzərə almalı olduğu məqamlar, münaqişə və jurnalistika anlayışları arasındakı əlaqənin tənzimləməsində beynəlxalq standartların lokal istifadəsi barədə danışmış, ermənilərin basdırdıqları minaların qurbanı olmuş azərbaycanlı jurnalistlər haqqında geniş məlumat vermişdir.
Dr. Harvey Dzodin münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması, xüsusilə minaların basdırıldığı yerlərin təyin edilməsi üçün müxtəlif texnologiyaların araşdırılması və tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə özəl şirkətlərlə səmərəli əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.
Adnan Hüseyn jurnalistlərin mürəkkəb məsələlərin və perspektivlərin aydınlaşdırılmasına kömək edən, qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılmasında mühüm rol oynadığını, həqiqətlərin ictimaiyyətə çatdırılmasına müstəsna töhfə verdiyini qeyd etmiş, istər beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın müddətdə işğalı zamanı, istərsə də Vətən müharibəsindəki qələbədən sonra uzun illər boyu Azərbaycanın saxta xəbərlərə məruz qaldığını bildirmişdir.
Tədbir çərçivəsində münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdiyi problemlər və risklər barədə məlumat verilib, onların təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi üçün potensial həll yollarının müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:22 / 15.03.2023
Vyanada “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi”nə həsr olunmuş tədbir keçirilib – FOTO
Hazırda oxunan: Vyanada “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi”nə həsr olunmuş tədbir keçirilib – FOTO
Hazırda oxunan: Vyanada “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi”nə həsr olunmuş tədbir keçirilib – FOTO
125608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.