Dünyada ən çox nümayiş olunan filmimiz hansıdır? – Bu adda Tiflisdə restoran-kafelər AÇILIB

Dünyada ən çox nümayiş olunan filmimiz hansıdır? – Bu adda Tiflisdə restoran-kafelər AÇILIB

Hazırda oxunan: Dünyada ən çox nümayiş olunan filmimiz hansıdır? – Bu adda Tiflisdə restoran-kafelər AÇILIB

122487

Azərbaycanın xarici ölkələrdə ən çox nümayiş olunan filmi Üzeyir Hacıbəylinin əsəri olan “Arşın mal alan” filmidir.

Film dünya xalqlarının dilinə tərcümə edilərək 130-dan çox ölkədə nümayiş etdirilib.

“Arşın mal alan” bir neçə dəfə ekranlaşdırılıb. Musiqili komediyanın ilk ekran variantı 1916-cı ilə aiddir. Rejissor V.Svetlanovun çəkdiyi səssiz filmdə H.Sarabski, Ə.Ağdamski, Y.Nərimanov, Ə.Hüseynzadə, M.Əliyev çəkilib. 

II dünya müharibəsi illərində SSRİ-də “Arşın mal alan” bədii musiqili filminin çəkilişlərinə başlanıb və film 1945-ci ildə ekranlara buraxılıb. 

1965-ci ildə “Azərbaycanfilm” kinostudiyasında “Arşın mal alan” bədii filmi ikinci dəfə rəngli şəkildə çəkilib.

“Arşın mal alan”ın populyarlığına dair tarixdən belə bir fakt gətirmək olar: Qafqazda bu adla kafelər, restoranlar, dükanlar açılır. Əsər 1915-ci ildə Tiflisdə eyni gündə dörd yerdə, dörd dildə -Azərbaycan, rus, gürcü və erməni dillərində oynanılırdı.

Qeyd edək ki, “Arşın mal alan” böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeir bəy Hacıbəyovun sonuncu, üçüncü musiqili komediyasıdır. Bəstəkar onun üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlayıb və əsəri yayın sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlayıb. 

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ailə-məişət məsələlərində şəriət qanunları ilə diqtə edilmiş köhnəlmiş adət-ənənələrə qarşı tənqidi, etiraz dolu münasibət formalaşır. Əsas müzakirə mövzularından biri qadının azadlığı və hüquqları uğrunda mübarizə idi.

“Arşın mal alan” operettasının maraqlı süjeti də elə bu ideyanı əks etdirir. Üzeyir bəyin qəhrəmanı - gözəl, yaraşıqlı, iradəli Gülçöhrə öz hüquqları, sevgisi uğrunda mübarizə aparan Azərbaycan qızlarının yeni nəslinin nümayəndəsidir.
Üzeyir Hacıbəyov “Arşın mal alan”da xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək parlaq, yeni vokal üslub yaradıb. Milli musiqi təfəkkürü, milli üslub avropa vokal üslubu ilə qovuşub. Parlaq məzmun ilə yanaşı, bu musiqi novatorluğu operettanın dünya miqyasında şöhrət tapmasının əsas şərtlərindən biri olub.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO