Kahramanmaraşda AZƏRBAYCAN BAYRAĞINI müqəddəs əmanət kimi saxlayan ailə - FOTO/REPORTAJ

Kahramanmaraşda AZƏRBAYCAN BAYRAĞINI müqəddəs əmanət kimi saxlayan ailə - FOTO/REPORTAJ

Hazırda oxunan: Kahramanmaraşda AZƏRBAYCAN BAYRAĞINI müqəddəs əmanət kimi saxlayan ailə - FOTO/REPORTAJ

122468

Kahramanmaraşın 12 Şubat, Orman dairəsi adlanan ərazisində bir çadır daha çox diqqət çəkir.

Bu çadır digərləri kimi deyil. Taxta parçalarından qurulan bu yöndəmsiz çadır neçə günlərdi ki, çarəsiz insanların əsas sığınacağı, xilas yeridir.

İnsanlardan bu çadırın kimə məxsus olduğunu soruşuram. Eşin ailəsinə məxsus olduğunu deyirlər. Çadır qapısına yaxınlaşıb sahibini səsləyirəm. Ailə başçısı Ahmet Eşin səsimə səs verir. Danışıq tərzimdən azərbaycanlı olduğumu bilib məni içəri dəvət edir. 

Kiçik komanın bir küncündə yataq dəsti, bir küncündə isə beş nəfərlik ailəyə yetməyəcək qədər qab-qacaq qoyulub. Lap başdan isə üç rəngli şanlı Azərbaycan bayrağı asılıb. Mənzərə o qədər qürurvericidir ki, hislərimizi sözlə ifadə etmək mümkün olmur.

Qəlbimizdən keçən sözlər yaş olub gözlərimizdən axır. Üçrəngli bayrağımıza baxdığımı görüb sükutu 50 yaşlı Ahmet Eşin pozur. 

"Kiçik oğlum Ümeyir gətirib. Soruşdum ki, bu Azərbaycan bayrağını haradan almısan? Dedi ki, qardaşlarımdan istədim onlar da verdilər. Oğlum bildirdi ki, ata bu bayraq mənə müqəddəs əmanətdir. Fəlakət baş verəndə evimizdə olan türk bayrağını götürə bilmədik. Ümeyir bayrağı gətirəndə çox sevindim. Qardaş ölkənin bayrağıdır, əzizdir, əmanətdir. Gözümüz kimi qoruyacağıq. Oğlum dedi ki, gəlin Azərbaycan bayrağını çadırımızın başından asaq. Sözsüz razı oldum, asaq oğlum, dedim. Biz bir millət, iki dövlətik, bayraqlarımız da eyni dərəcədə müqəddəsdir".

Ahmet Eşinin dörd övladı var. Onlardan biri qız, üçü oğlandı. Qızını köçürüb, üç oğlu ilə birlikdə yaşayır. Ən kiçik oğlu Ümeyrin cəmi səkkiz yaşı var. O, bir neçə dəfə azərbaycanlılar olan yerə gedib onlardan şirniyyatlar götürüb. Elə üçrəngli bayrağımızı da qardaş köməyinə gələn azərbaycanlılardan alıb. 

Eşin ailəsini də evi zəlzələdən zərər gördüyü üçün evə girə bilmirlər. Çadır olmadığı üçün məcbur qalıb özləri düzəldib: 

"Çadır çatışmazlığı var. Tək biz deyilik, bir çox ailələrə çatmayıb. Yaxın günlərdə çadır gələrsə, gedib götürəcəyik. Bir neçə gün avtomobildə qaldıq. Gecələr çox soyuq olurdu. Həyat yoldaşım və uşaqlar üşüməsin deyə bu çadırı qurmalı oldum. Olacağa çarə yoxdur. Təki Dövlətimiz var olsun. Müvəqqəti çətinlikdir, keçib gedəcək", - deyir, Ahmet Eşin. 

Müsahibim fəlakət nəticəsində bir neçə qohumunu itirib, bundan başqa içərisində azyaşlı olmaqla bir neçə qohumları reanimasiyada yatır. Buna baxmayaraq həyatın axarına qoşulmağa, gələcəyə nikbin ruhla kökləniblər. 

Şəhərdə isə dağıntılar altında qalanların sağ qalmağına ümidlər getdikcə tükənir. 

Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş








 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO