Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan SZABİST Universiteti ilə birgə Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunan "Xocalı Soyqırımı: Bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət" adlı seminar və fotosərgi təşkil edib.
Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, tədbirdən öncə Xocalıda Ermənistanın törətdiyi soyqırımı əks etdirən fotosərgiyə baxış keçirilib.
Pakistanın Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmudun ali qonaq qismində təşrif buyurduğu tədbirdə, SZABİST Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, Səfirlik əməkdaşları, eləcə də Pakistanın müxtəlif beyin mərkəzlərinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək 20-ci əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının 31-ci ildönümünün anıldığını vurğulayıb və Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.
Tarix boyu Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə dinc sakinin qətlə yetirildiyini və öz doğma yurdlarından didərgin düşdüyünü ifadə edən səfir Xocalı soyqırımı barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.
X.Fərhadov məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunduğunu və soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb.
Səfir 44 günlük Vətən müharibəsindən danışaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb.
X.Fərhadov Pakistan Milli Assambleyası və Senatı tərəfindən Xocalı soyqırımını qınayan müxtəlif qətnamələrin qəbul olunduğunu vurğulayaraq bu ölkənin Hökumətinin və Parlamentinin istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib və dəstəyə görə Pakistan Hökumətinə və Parlamentinə öz təşəkkürünü çatdırıb.
Məhəmməd Talha Mahmud Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdiyini vurğulayaraq həmin dövrdə Pakistanın Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini bildirib və bundan sonra da qardaş Azərbaycanın yanında olacaqlarını qeyd edib.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı kitablar və informativ bukletlər, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini və Azərbaycan-Pakistan münasibətlərinə dair müxtəlif materiallar universitet kitabxanasına hədiyyə olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:53 / 23.02.2023
"Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir" - Pakistanlı nazir
Hazırda oxunan: "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir" - Pakistanlı nazir
Hazırda oxunan: "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir" - Pakistanlı nazir
122112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.