Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.
Bizim.Media