“Qətər–2022”nin təşkilində neçə azərbaycanlı mütəxəssisin əməyi var?

“Qətər–2022”nin təşkilində neçə azərbaycanlı mütəxəssisin əməyi var?

Hazırda oxunan: “Qətər–2022”nin təşkilində neçə azərbaycanlı mütəxəssisin əməyi var?

110792

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı artıq başa çatıb. Dünyanın dörd bir tərəfindən futbol azarkeşlərinin üz tutduğu bu çempionatın yüksək səviyyədə təşkili də diqqətlərdən yayınmadı. Çempionatın təşkilində azərbaycanlı mütəxəssislər də iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, final oyununa ev sahibliyi edən “Lusail” stadionunun informasiya texnologiyaları (İT) təminatı komandasının əsas üzvlərindən biri, Qubadan olan Heybət Vəliyev təəssüratlarını AZƏRTAC-la bölüşüb. 

“Dünya çempionatının bir parçası olmaq qürurvericidir. Biz burada İT layihə menecerləri vəzifəsini icra edirdik. Bizim komandanın işi “Lusail” stadionunda İT layihələrinin idarə olunmasından ibarət idi. Komandamızın rəhbəri də azərbaycanlı mütəxəssis Ziya Nurdur.

“Qətər-2022”də fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin cəmləşdiyi sosial şəbəkə qrupumuz var. Qrupda 175 nəfər qeydiyyata alınıb. Bu qrup fəaliyyətimizin koordinasiya edilməsində mühüm rol oynayır. Çempionatın yüksək səviyyədə keçirilməsi üçün ümumilikdə 200-ə yaxın azərbaycanlı mütəxəssis də cəlb olunub. Tək “Lusail” stadionunda mənim tanıdığım beş həmvətənimiz çalışırdı”, - deyə Heybət Vəliyev söyləyib. 

Heybət Vəliyev yeddi aydır Qətərdədir. Onun əməkdaşlıq təklifi təşkilatçılar tərəfindən müsbət dəyərləndirildikdən sonra iyun ayında “səhradakı cənnət” adlandırılan ölkəyə yola düşüb. 

“Bizi sırf təcrübəmiz və bacarığımıza görə seçiblər. “Qətər–2022” mənim beynəlxalq oyunlarda beşinci təcrübəmdir. Bundan əvvəl Bakıda keçirilmiş Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” Azərbaycan Qran-Prisi, həmçinin Türkmənistanın paytaxtı Aşqabadda təşkil V Asiya Oyunlarında təcrübə qazanmışam. Ümumiyyətlə, ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlar, tədbirlər yerli kadrlarımızın yetişməsində böyük rol oynayıb. İndi istənilən dünya səviyyəli tədbirdə azərbaycanlı mütəxəssislərin təcrübəsindən məmnuniyyətlə faydalanırlar. Burada da gördük ki, azərbaycanlı mütəxəssislərə böyük tələbat var”, - deyə Heybət Vəliyev bildirib. 

31 yaşlı Heybət Vəliyev İT mütəxəssis olmaqla yanaşı, həm də çılğın futbol azarkeşidir. Azərbaycanlı mütəxəssisin 89 min tamaşaçı tutumuna malik “Lusail” stadionunda keçirilən 10 oyunun hər birini yaxından izləmək imkanı olub. Amma həmin saatlarda iş başında olduğundan futbol həyəcanını yaşaya bilməyib. 
 Heybət Vəliyev deyib: “Açılış və final oyunları daxil olmaqla, əsas oyunlar bizim çalışdığımız stadionda təşkil edildi. Üzərimizə böyük məsuliyyət düşürdü. Dünya futbolunun mərkəzində idik.

Böyük coşqunu, həyəcanı birgə yaşayırdıq. Əsas diqqətimiz isə işə yönəlirdi. Müxtəlif əməliyyatların icrasına cəlb olunurduq. Amma “Qətər-2022”-də azarkeşlər arasında matç izləmək imkanını da qaçıra bilməzdim. Qətər-Ekvador, Xorvatiya-Belçika, Polşa-Fransa və 14 finalda Fransa-Mərakeş qarşılaşmalarını canlı izləmişəm. Çempionatda Argentinanın Səudiyyə Ərəbistanına məğlubiyyəti, Braziliyanın hücumçusu Riçarlisonun möhtəşəm qolu, unudulmaz final matçı yaddaşımda silinməz izlər buraxdı. Yaxın günlərdə Vətənə qayıdacağıq”. 

Dünya çempionatını izləməyə gələn azərbaycanlı futbol həvəskarları, eləcə də Qətərdə yaşayan həmvətənlərimizlə də görüşmək imkanı olan Heybət Vəliyev bildirib ki, azərbaycanlı fanatlar dünya futbol bayramında kifayət qədər aktiv iştirak ediblər. Hər bir oyunda stadionda Azərbaycanın üçrəngli bayrağı dalğalanıb. 
Heybət Vəliyev böyük infrastruktur layihələri icra olunarsa, gələcəkdə ölkəmizdə futbol üzrə dünya çempionatının təşkil olunmasını da istisna etmir. Bu günə kimi yüksək səviyyədə təşkil olunan beynəlxalq yarışlar Azərbaycanı bütün dünyada müsbət imicli idman ölkəsi kimi tanıdıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO