Azərbaycan üstündə ABŞ-la Fransa arasında ZİDDİYƏT – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Azərbaycan üstündə ABŞ-la Fransa arasında ZİDDİYƏT – İlham Şabanın ŞƏRHİ

105216

Bu həftə Birləşmiş Millətlər Təşkilatı planetimizdə əhalinin sayının 8 milyard nəfərə çatdığını elan elədi. İnsanların sayı artdıqca dünyanın həm ümumi daxili məhsulu artır, həm də enerji istehlakı. Təsəvvür edin ki, 1960-cı ildə dünyanın əhalisi 3 milyard nəfərə çatanda bir ildə istehlak olunan neftin həcmi cəmi 1 milyard ton idisə, hazırda 4,5 milyard ton qara qızıl istehlak edilir. 

Kənd əhalisinin azalması və enerji istehlakı.

BMT ekspertlərinin qənaətinə görə, dünyada 9-cu milyard insan hardasa 15 il sonra doğulacaq.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Rusiyaya təzyiq üçün neft qiymətlərini azalda bilərmi? – İlham Şabanın ŞƏRHİ


Amma 10-cu milyard insanı planet çox güman ki, görməyəcək. Bunun əsas səbəbi isə kənd əhalisinin sonrakı dövrdə daha sürətlə şəhərə axınından qaynaqlanır. Hazırda təqribən 45% əhali kəndlərdə yaşayırsa, sonrakı 50 ildə bu göstərici 30%-ə qədər azalacaq. Şəhərlərin yeni mühiti isə artımı təmin edə bilməyəcək. 

Artıq inkişaf etmiş bir çox ölkələrin bir çoxunda əhali artımının azalma ilə əvəz olunduğu müşahidə edirlir. Demək, enerjiyə olan tələbat da gələcəkdə qlobal bazarda azala bilər.

Bundan əlavə, iri meqapolislərdə enerjidən qənaətcil texnologiyaların tətbiqi bölgələrlə müqayisədə daha sürətlə yayılır. Bu baxımdan sənayenin strukturunun dəyişməsi, rəqəmsal texnologiyaların sənayedə daha sürətlə tətbiqi və enerjinin istehsalının “yaşıllaşması” amili həqiqətən çox şeyi dəyişə bilər.

G20 ölkələrinin bərabərlik çağırışı. Dünya enerji bazarlarında ötən ildən başlayan qeyri-müəyyənlik bazarlardakı  sabitliyi pozub və indiyə qədər atılan addımlar heç də kafi nəticələrə nail olunmasına gətirib çıxarmayıb. 

Elə bu həftə İndoneziyanın Bali adasında dünyanın 20 iri dövlətini birləşdirən G20 ölkələrinin zirvə toplantısında da enerji məsələlərinə xüsusi diqqət yetirildi.

Toplantının yekunu olaraq noyabrın 16-da qəbul edilmiş birgə bəyanatında enerji bazarlarının sabitliyinə və şəffaflığına nail olmaq üçün birgə həll yollarının tapılmasının vacibliyi qeyd olunur və bazarlarda əlçatan enerji qiymətlərinin bərqərar olması nəticəsində ümumi inkişafın stabilliyi vurğulanır. 

Bunun açması odur ki, dünyada enerji ehtiyatları çox qeyri-bərabər bölünüb, yəni ədalətsiz.

Neft və qaz ehtiyatları təqribən dünya ölkələrininin təqribən 1/3-nin ərazisində çəmləşib, yerdə qalanlar isə onları idxal etməyə məcburdurlar. Necə deyərlər G20 çağırış edir ki, bir balans yaradılsın ki, “Allahın bəxş etdiyi” o təbii nemətlərdən əlçatan şəkildə bütün planet yararlana bilsin, çünki məhz bu şəraitdə davamlı inkişafa malik olmaq mümkündür.  

Onu deyim ki, çox maraqlı bir çağırışdır və indiyə qədər dünyanın sərvətlərdən bəhrələnmək bərabərliyi məsələssində heç zaman təsadüf edilməyib. BMT Baş katibi Antoniu Quterriş isə bundan bir qədər əvvəl İqlim Dəyişikliyi ilə bağlı Misirdə qlobal konfransda bilirsiniz hansı məsələni qaldırmışdı?

Onun fikrincə, inkişaf etmiş ölkələrin qazanclarının dəfələrlə artımında onların yüksək texnologiyalara malik olması amili durur. Bu texnologiyalar bazarda çox bahadır və dünyanın böyük əksəriyyəti üçün əlçatan deyil. BMT Baş katibi müəyyən dövr üçün – keçid dövründə bunların digərlərinə də əlçatanlığı nəticəsində dünyanın qarşısında duran qlobal problemlərin, quraqlığın, kənd təsərrüfatında məhsuldarlığın artırılmasının və enerji səmərəliliyiyi kimi məsələlərin həllinə nail olmağın mümkünlüyünü vurğulayıb.

İndi görürsünüzmü, bir çox enerji ölkələri və texnoloji dövlətlər iki başlı çubuq  kimi qarşılaşırlar.

Balansın yaradılması isə incə siyasətdən və bu tarazlıqdan hamının qazanması imkanlarından keçməlidir. 

Fransa Azərbaycan neft və qazının Avropada satışına qarşı. Bu həftə Fransa Senatının qəbul etdiyi Azərbaycan əleyhinə yönəlmiş qətnamə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə yol açmaqdan əlavə, həmçinin Avropa İttifaqının Azərbaycanla qurduğu və inkişaf etdirmək istədiyi münasibətlərə də zidd olan məsələləri gündəmə gətirir. Belə ki, Fransa Senatı Azərbaycanın neft və qazının idxalına qadağa qoyulması imkanlarını nəzərdən keçirmək üçün çağırış edib.

Əslində bu cür çağırışı Fransa prezidenti Emmanuel Makron oktyabrda yerli TV-yə müsahibəsində etmişdi. Makron açıqca bəyan etmişdi ki, Fransa Azərbaycandan neft və qaz almır və almağı planlaşdırmır da. Hələ uzağa gedərək belə bir fikir də sələndirmişdi ki, Fransa digərləri kimi ədaləti neft və qaza satmaq fikrində deyil. 
Ancaq fakt budur ki, “Abşeron” qaz yatağının ikinci mərhələsinin işlənməsi konkret olaraq Avropaya əlavə qaz həcmlərinin çıxarılmasını nəzərdə tutur. Yatağın təsdiq edilmiş çıxarıla bilən ehtiyatları 350 milyard kubmetr qaz təşkil edir ki, bunun yalnız 50 milyardı daxili bazara yönəldiləcək, qalan hissəsi isə ixrac edilməlidir. 

İmzalanmış müqavilələrə əsasən, Fransanın əsas enerji şirkəti olan “Total Energies”in mənfəti onun payına düşən qaz və kondensatdan əldə olunacaq. Və belə bəyanatlarla və Senatın anti-Azərbaycan qətnaməsi ilə Paris nə demək istəyir? Total-a deyəcək ki, Azərbaycanda sənin payına düşən qaz və maye karbohidrogendən imtina et? Yəni bir növ rəsmi Paris özünün enerji nəhənginə, şirkət özəl olsa da, mesaj verir ki, Azərbaycandakı qaz müqaviləsindən ya çıxsın...

Ya da onu mümkün qədər yubatsın ki, Azərbaycan Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyi – 2027-ci ilə qədər qaz ixrac həcmlərini iki dəfə artırmaq imkanına malik olmasın. 

Və bu o zaman baş verir ki, Azərbaycan hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük siyasi, iqtisadi və digər risklərə gedərək, fədakarlıq nümunəsi göstərərək, Avropanın enerji təhlükəsizliyin təmin edilməsində rolunu artırır. Sizcə bütün bunları Yelisey Sarayında bilmirlər və ya dərk etmirlər? Təbii ki, çox gözəl anlayırlar, amma bu cür addımları necə deyərlər acığa atırlar! Təkcə bizim acığımıza yox, türk və müsəlmanlarla hazırda yaşadıqları münasibətlərinə görə!

Amma Azərbaycan Respublikasının Milli Məclisi bu günlərdə Azərbaycan Hökumətinə Fransa ilə münasibətlərin yenidən qiymətləndirilməsinə dair 8 bənddən ibarət tədbirlərin görülməsi ilə bağlı tam soyuqqanlıqla çağırış edib. Bizim üçün həmin çağırışın 4-cü bəndi maraq doğurur, hansında ki, “Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması” təklifi  var. 

Qeyd edim ki, məhz bu bənddə göstərilən təklifi nəzərə alaraq istər sosial şəbəkələrdə, istərsə də yerli KİVlərdə “Abşeron” layihəsində təkcə payçı yox, həm də idarəedici şirkət olan “Totalenergies”in layihədən uzaqlaşdırılması məsələsi həftə ərzində geniş müzakirə obyektinə çevrildi. 

Əvvəla qeyd edim ki, Azərbaycan Parlamentində qəbul edilən hökumətə çağırış Fransa Senatının bəyanatına cavab və tövsiyyə xarakterlidir.

Həmin sənəddə 4-cü bəndindəki çağırış avtomatik olaraq o qərara gəlmək deyil ki, hökumət Fransa şirkətinin “Abşeron” qaz layihəsində iştirakına yenidən baxacaq.  

Çünki “Abşeron” layihəsi üzrə 2009-cu ilin 27 fevral tarixində imzalanan müqavilənin tipi Hasilatın Pay Bölgüsü Sazişidir. Yəni bu tip müqavilələr icra olunmağa başlamazdan əvvəl Azərbaycan parlamentində təsdiq edilir və Prezident tərəfindən, həmçinin SOCAR-la layihə iştirakçıları arasında müqavilə sahəsinin təhvil-təslim aktı imzalandıqdan sonra hüquqi qüvvəyə minir.

Hökumət ”Abşeron” layihəsinə müdaxilə edə bilərmi? Axı sözügedən layihələrdə dövlətin maraqlarının qorunması rolunda SOCAR çıxış edir. 

Elədir. Amma Hökumətin SOCAR-dan həmin layihənin icrası ilə bağlı MÜFƏSSƏL HESABAT tələb etmək hüququ var. Bu hesabatın əsasında İqtisadiyyat nazirliyinə göstəriş verilə bilər ki, ilk qazın çıxarılmasının bir-neçə dəfə yubadılması və indiyə qədər çıxarılmaması səbəbindən Azərbaycan Respublikasına dəymiş ziyan hesablansın. Xatırladım ki, əvvəlcə ilk qazın çıxarılması 2019-cu ilin ilk rübünə hesablansa da sonralar hasilat qrafiki bir neçə dəfə korrektə edilərək 2023-ü ilə qədər uzadılıb. 

Həmin qiymətləndirilmə əsasında isə Hökumət “Abşeron” layihəsinin icrasına cavabdeh şirkətin ilkin olaraq cərimələnməsi haqda qərar da çıxarda bilər. Belə cəza tədbirlərinə bir neçə dəfə Qazaxıstan hökuməti əl atıb, özü də Avropa şirkətlərinə qarşı.

Bu baxımdan “Total”-a təpinib onu motal kimi döyəcləməklə ürəyimizi soyuda bilərik, amma biz həm də onu fikirləşməliyik ki, necə edək ki, işlərimiz bundan sonra daha sürətlə irəliləsin. 

Bunun üçün isə yaxın və uzaq ölkələrlə siyasi-iqtisadi əlaqələrimizi genişləndirməliyik. 
Azərbaycan Albaniyanın qaz bazarına daxil olmaq istəyir. Elə dövlət başçımız İlham Əliyev də fəaliyyətində bu istiqamətə böyük önəm verir. Noyabrın 15-də Albaniyaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın Albaniyanın qaz sahəsinə yatırım etmək imkanlarından söhbət açıb. Dövlət başçısı Albaniya Respublikasının Prezidenti Bayram Beqayla mətbuata bəyanatla çıxışı zamanı bildirib ki, “Biz Sizinlə  Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. “Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə investor kimi iştirak edə bilər və biz buna hazırıq”, - deyə İlham Əliyev vurğulayıb.

Qeyd edim ki, Albaniya ərazisindən tranzitlə Azərbaycan qazı keçərək İtaliyaya nəql olunsa da, bu ölkə Azərbaycan qazının alıcısı deyil. Amma hazırda Albaniya hökuməti Azərbaycanın Avropaya əlavə qaz həcmləri çıxaracağı təqdirdə bizim qazın alıcısına çevrilmək istəyi ortaya qoyur. 

Rəsmi Bakı da bunu qiymətləndirir. Çünki Albaniya Azərbaycanla hökumət səviyyəsində mülayim münasibətlərin inkişafına çalışır. Dost ölkələrin sayının artması isə Azərbaycanın nüfuzunun artmasına dəlalət edən amildir.  
ABŞ Azərbaycanın enerji siyasətindən razılıq ifadə edir. Bu faktora okeanın o tayından da diqqət yetirirlər. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bəyan edib ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya tədarükündən asılılığını azaltmasına yardım edəcək. "Biz görürük ki, Rusiyadan həddindən artıq enerji asılılığı olan ölkələr alternativ təchizat mənbələri axtarırlar. Və bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Avropa Rusiya enerji daşıyıcılarından uzaqlaşdıqca onun Azərbaycandan neft və qaz tədarükünə daha çox meyl etməsi müşahidə olunacaq", - deyə Dövlət departamentinin nümayəndəsi bildirib. 

Qaz statistikamız. Fakt faktlığında qalır ki, Azərbaycanın enerji ölkəsi kimi diqqətdə olması hazırkı şəraitdə onun qaz həcmlərinin artım dinamikası və çoxşahəli ixrac infrastrukturu ilə bağlıdır. 

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28 mlrd 689,6 mln kubmetr əmtəəlik qaz hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz həcmləri 8,6% artıb. 

Bunun əhəmiyyətini başa düşmək üçün Sizləri Azərbaycanın Şahdəniz yatağından əvvəlki və sonrakı dövrdə olan qaz hasilatı ilə tanış etmək istərdim.

2004-cü ildə Azərbaycanda əmtəəlik qaz hasilatı cəmi 5 mlrd kubmetr təşkil edirdi və Azərbaycan Rusiyadan qaz idxal edən ölkələr siyahısında idi. Şahdənizdən qaz hasilatının ilk ilində isə artıq bu həcmlər 10,8 mlrd kubmetrə qədər artmışdı. 2015-ci ildə Azərbaycanda hasilat  19,2 mlrd, 2020-ci ildə isə 26,5 mlrd kubmetrə çatmışdı. Cari ildə isə 34,5 mlrd kubmetr olacağı proqnoz edilir. Yəni 18 ilə 7 dəfəyədək artım. 

Azərbaycan qazının qiyməti. Bəs Azərbaycan öz qazının hansı qiymətə satır. Bunun üçün Dövlət Gömrük Komitəsinin hesabatına nəzər yetirək. 2022-ci ilin 10 ayının yekunlarına görə, bəyan edilmiş ixrac həcmləri 18,38 mlrd kubmetr təşkil edib və bunun dəyəri 14,653 milyard dollar olub. Bu rəqəmlərdən çıxış edərək hesablayırıq ki, Azərbaycanın ixrac etdiyi qazın hər 1000 kubmetrinin orta qiyməti 797 dollar 25 sent təşkil edib. Ötən il bu qiymət bilirsiniz nə qədər idi? Cəmi 197,72 dollar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO