"Microsoft" şirkətinin təsisçisi, xeyriyyəçi Bill Qeyts pandemiya ilə bağlı daha qorxunc açıqlama ilə çıxış edib. O, növbəti pandemiyanın on dəfə daha ağır ola biləcəyini və COVID-19-un hələ başlanğıc olduğunu bildirib.
Milyonçu hesab edir ki, dünya növbəti pandemiyaya hazır deyil və həyatımızın bir hissəsinə çevrilən epidemiyadan düzgün nəticələr çıxarmalıyıq.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim-Media-ya açıqlamasında Bill Qeytsin bu cür açıqlamalarına hörmətlə yanaşmağın vacibliyini qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Son 3 gündə 3 intihar – “Özünü xilas etmək istəməyən insan heç kimi xilas edə bilməz” - PSİXOLOQ
“Bu, falçı deyimi deyil. Ciddi elmi əsasları olan, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reyestrinə düşən bir açıqlamadır.
Növbəti dəfə bizi qrip pandemiyası gözləyir. ÜST-ün insan sağlamlığını təhdid edən 10 faktordan biri qrip pandemiyasıdır.
1 il və ya 5 il sonra olacağını heç kim deyə bilməz, amma mütləq olacaq. Ona görə də biz növbəti pandemiyalara hazır olmalıyıq. Əslində bu xəbərdarlığın önəmi odur ki, əlimizi qulağımızın dibinə qoyub yatmamalıyıq”.
Həkim əlavə edib ki, dünya səhiyyə təşkilatları öz işlərini elə qurmalıdır ki, gələcəkdə baş verə biləcək situasiyalar zamanı hər şeyi lokallaşdıra bilsinlər:
“Müəyyən alqoritmlər, istənilən ekstremal situasiyalar üçün reseptlərimiz olmalıdır ki, koronavirus dövründəki taleyimizi yaşamayaq.
Ola bilsin, dünyada elə bir pandemiya baş versin ki, ispan qripi kimi 100 milyondan çox insanı aparsın. Təsəvvür edin, bu, ölkəmiz üçün nə deməkdir? Ona görə də hazırlıqlı və ehtiyatlı olmalıyıq”,- deyə professor əlavə edib.
Alçina Amilqızı, Bizim.Media