“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin əməkdaşı barədə cinayət işi başlanılıb.
Bu barədə Bizim.Media-ya Füzuli rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 min 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Bizim.Media