“Bu işi görmək üçün 100 min manat verə biləcəyini dedi” – Təşkilat sədri danışdı 

“Bu işi görmək üçün 100 min manat verə biləcəyini dedi” – Təşkilat sədri danışdı 

Hazırda oxunan: “Bu işi görmək üçün 100 min manat verə biləcəyini dedi” – Təşkilat sədri danışdı 

98885

“Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın sədri Ramil Şükürov və üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı və Diləfruz Mustafazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

Bizim.Media verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Ramil Şükürov ifadə verib. O elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.  

Ramil Şükürovun sözlərinə görə, 2021-ci ildə ictimai birliyi yaradıblar, məqsədləri isə aztəminatlı ailələrə yardım etmək olub.  

Təqsirləndirilən şəxs qeyd edib ki, Bəxtiyar Mirzəyev onun ofisinə gəlib və 1000 manat pul verib:

“Həmin pulu aztəminatlı ailələrə yardım etmək üçün verdiyini dedi. Sonra Bəxtiyar Mirzəyev Səbail rayonunda evi olduğunu, həmin evi artırmaq istədiyini bildirdi. Bunun üçün köməklik göstərməyimi istədi. İcra hakimiyyətində işləyən Qabil adlı tanışım olduğunu dedim, bu işlə maraqlanacağımı söylədim. Sonra bu məsələni Qabil müəllimə danışdım. Qabil müəllim dedi ki, daha onlarda bu səlahiyyət yoxdur. Bu işlərlə şəhərsalma idarəsi məşğul olur. Bunu Bəxtiyar Mirzəyevə dedim. Bir neçə gün sonra Bəxtiyar Mirzəyev zəng vurdu, bu işin düzəlməsi üçün 60 min manat verməyi təklif etdi. Mən isə şəhərsalma idarəsində tanışım olmadığını söylədim. Sonradan bildim ki, bu korrupsiya idarəsinin adamıdır. Bunu Elçinə dedim. Elçin bu işi düzəldəcəyini söylədi və işi görmək üçün 135 min manat istədi. Bunu Bəxtiyar Mirzəyevə dedim. Bəxtiyar Mirzəyev isə 100 min manat verə biləcəyini söylədi”.  

Təqsirləndirilən şəxs bildirib ki, sonradan təşkilatda yenidən Bəxtiyar Mirzəyevlə 2022-ci ilin yanvarın 27-də görüşüb:

“Bəxtiyar Mirzəyev pulu gətirəcəyini dedi. Amma həmin gün 1000 manat verdi. Dedi ki, bu pulu təşkilatın aztəminatlı ailələrə ayırdığı yardımlar üçün verir. Bundan sonra getdi. Növbəti dəfə zəng vuranda Bəxtiyar Mirzəyev dedi ki, koronavirusa yoluxub, bu səbəbdən gələ bilmir. Sonra yenə də zəng vurdu, xəstəxanada olduğunu söylədi. Bilirdim ki, Bəxtiyar yalan danışır. Ona görə də onun çağırdım ki, yalan danışdığını üzə çıxarım”. 

Ramil Şükürov qeyd edib ki, iş üzrə zərərçəkmiş Nuranə Vəliyevanı sosial şəbəkə vasitəsi ilə tanıyıb:

“O, bizdən kömək istədi. Bizi yaşadığı Ağdamın Xındırıstan kəndinə dəvət etdi. Biz də özümüzlə ərzaq götürdük və aztəminatlı ailələrə paylamaq üçün həmin kəndə getdik. Həmin gün Nuranə Vəliyevanın evində qaldıq. Sonradan ailəvi dostluq etməyə başladıq”.  

Ramil Şükürov qeyd edib ki, Nuranə Vəliyevanın işə düzəlməsi üçün 17 min manat alıblar. Deyib ki, həmin pulu Koroğlu İbrahimova verib. Koroğlunun isə işi düzəldib və ya düzəltməməsindən xəbəri olmayıb. 
Digər təqsirləndirilən Koroğlu İbrahimov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 44 günlük Vətən müharibəsində iştirak edib və bələdçi kimi Şuşa şəhərinə qədər gedib.  

Koroğlu İbrahimov bildirib ki, istintaq sənədlərində onun ittiham olunduğu kimi yazılan epizodlar yalandır.  

İttihama görə, “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın sədri Ramil Şükürov və üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı, Diləfruz Mustafazadənin əməllərindən Rövşən Bəymuradov, Nuranə Vəliyeva, Aysel Məmmədova, Zakir Süleymanov, Yeganə Batıyeva, Vüsal Zeynalov, İlqar Mirzəyev, Xuraman Quliyeva, Hikmət Nəcəfli, Əliheydər Axundov, Vüqar Qaracayeva, Bahram Həşimov, Xəyalə Miriyeva, Arzu Alıyeva, Murad Xalıqverdiyev, Əli Həşimov, Sevda Şıxıyeva, Sevda Verdiyeva, Bəhruz Bayramov, Həsən Ağayev, Ramiz Allahverdiyev, Kazım Mansurov, Rasim Səfərov, Kərəm Əmiraslanov, Samir Qazıxanov, İltimas Məmmədova, Vüsal Mirzə və Bayram Ələsgərov zərər çəkiblər. 

Zərərçəkmişlərdən Sevda Şıxıyeva və Sevda Verdiyeva şəhid anasıdır. Sevda Şıxıyevanın oğlu Orxan Şıxıyev və Sevda Verdiyevanın oğlu Röyal Verdiyev Vətən müharibəsi zamanı şəhid olublar. 

Cinayət işi üzrə zərərçəkmişlər Sevda Şıxıyevaya qarşı 5 min manat, Sevda Verdiyevaya qarşı isə 6 min manat dələduzluq edilib. 

İttihama görə, ictimai birliyin bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü olan qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək, qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıblar. 

Qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib. 
Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham edilir.  

Qeyd edək ki, Röyal Verdiyev "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.  

Orxan Şıxıyev isə “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda" medalı ilə təltif edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO